Ermənistanda çevriliş cəhdi ifşa olunub - Baş nazir Paşinyan açıqlama verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə planlaşdırılan hərbi çevriliş cəhdinə münasibət bildirib. O, bu barədə şəxsi “Facebook” səhifəsində paylaşım edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Paşinyanın sözlərinə görə, hüquq-mühafizə orqanları Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti zor gücünə ələ keçirmək məqsədi daşıyan “kriminal-oliqarxik-kilsəvi” dairələrin genişmiqyaslı və iyrənc planını vaxtında qarşısını alıb.
Hazırda “Daşnaksütyun” Ermənistan İnqilabi Federasiyasının üzvü İqor Sarkisyanın, Abovyan komitəsinin üzvü Vardan Avakyanın, Razdan komitəsinin üzvü Artashes Unanyanın və Noemberyan komitəsinin üzvü Varazdat Amiragyanın mənzillərində axtarışlar aparılır. Bu barədə yerli KİV məlumat yayıb.
Eyni zamanda, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları “Ermənistan” fraksiyasından olan deputat Artur Sarkisyanın evində də axtarış aparıblar. Bu barədə onun fraksiyadaşlarından biri, “Daşnak” İshxan Saqatelyan sosial şəbəkələrdə məlumat paylaşıb.
Bundan əlavə, hüquq-mühafizə orqanları Ermənistanın revanşist “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanı saxlayıblar. Ermənistan mediasının məlumatına görə, arxiyepiskop terror aktları hazırlamaqda və hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkdə ittiham olunur.
Rəsmi məlumatda qeyd olunur ki, din xadimi yaşadığı iqamətdən çıxarılaraq naməlum istiqamətə aparılıb. Araşdırmalar davam etdirilir.
Fatimə Nəbiyeva
14:11 25.06.2025
Oxunuş sayı: 690