ABŞ analitiklərindən iddia: Tayvanla Çin arasında gərginlik var

Tayvanın məhkəmə orqanları ilk dəfə olaraq Çin vətəndaşını sualtı telekommunikasiya kabelini təxribat məqsədilə zədələdiyinə görə üç il müddətinə azadlıqdan məhrum edib. Bu, Tayvan tarixində bu tip hücuma görə irəli sürülən ilk cinayət ittihamıdır və Çinlə artan texnoloji münaqişənin yeni mərhələsinə işarə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitunun son hesabatında qeyd olunub.
Bildirilib ki, 2025-ci ilin fevral ayında Tayvanın ən iri rabitə provayderi olan "Chunghwa Telecom" ölkənin cənub-qərb sahillərində yerləşən Tayvan–Penqhu sualtı kabelinin tamamilə kəsildiyini aşkarlayıb: "Hadisə daxili sularda, əsas adadan cəmi 14,7 kilometr aralıda baş verib. Hadisə ilə bağlı araşdırma nəticəsində Toqo bayrağı altında üzən və Çinə məxsus olduğu güman edilən "Hong Tai 58" yük gəmisinin məsul olduğu müəyyən edilib. Tayvanın Sahil Mühafizəsi gəmini saxlayıb və heyət üzvlərinin hamısının Çin vətəndaşı olduğunu təsdiqləyib. Kapitanın gəmini şübhəli şəkildə idarə etməsi, o cümlədən, naviqasiya siqnallarını manipulyasiya etməsi və regionda qeyri-adi davranışlar sərgiləməsi təxribat ehtimalını gücləndirib.
Məhkəmə gəmi kapitanını telekommunikasiya qanunvericiliyini pozduğuna görə məhkum edib. İttiham aktında qeyd olunur ki, bu tip təxribatlar Tayvanın milli təhlükəsizliyinə və iqtisadi sabitliyinə ciddi zərbə vurur".
Bildirilib ki, təmir işləri isə təxminən 576 min ABŞ dollarına başa gəlib: "Ekspertlər bildirirlər ki, sualtı kabel hücumları Çin tərəfindən Tayvana qarşı hibrid müharibə vasitəsi kimi istifadə olunur. Belə fiziki sabotaj aktları rabitə sistemlərini zəiflətmək və informasiya təhlükəsizliyini pozmaq məqsədi daşıyır. Əlavə olaraq, hadisədə iştirak edən "Hong Tai 58" gəmisindən başqa, daha iki gəmi – "Bao Shun" və "Shun Xing 39" – da oxşar əməllərdə ittiham olunur. Onlar da tez-tez üçüncü ölkə bayrağı altında gizlənərək Tayvan sularında hərəkət ediblər.
Tayvan rəsmiləri bu hadisəni ciddi xəbərdarlıq siqnalı kimi qiymətləndirir və dənizaltı rabitə sistemlərinin təhlükəsizliyini artırmaq məqsədilə əlavə tədbirlər planlaşdırırlar".
Fidan Qarayeva
11:42 25.06.2025
Oxunuş sayı: 636