AB rəsmisindən etiraf: Türkiyəyə viza tətbiqi utancvericidir

Avropa İttifaqının (AB) Türkiyə nümayəndəliyinin rəhbəri Tomas Hans Osovski, Türkiyəyə tətbiq olunan viza rejimini sərt şəkildə tənqid edib. Brüsseldə türk jurnalistlərlə görüşdə çıxış edən Osovski, “Venesuela və Kolumbiya kimi ölkələr AB-yə vizasız gedə bilir. Strateji tərəfdaş və NATO müttəfiqi olan Türkiyəyə isə viza tətbiqi utancvericidir”, deyə bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Osovski, AB ilə Türkiyənin “tale ortağı” olduğunu vurğulayaraq, viza azadlığı prosesinin yenidən başlanmasının vacibliyini qeyd edib. O, Türkiyənin 72 kriteriyadan 66-nı artıq yerinə yetirdiyini və son 6 şərtin də qarşılanması üçün əməkdaşlığa çağırış edib.
Viza randevusu üçün türkiyəlilərin aylarla, bəzən bir il gözləməsinin qəbuledilməz olduğunu bildirən Osovski, bu vəziyyətin davamlı olmadığını deyib: “Bu vəziyyət bizim strateji tərəfdaşlığımıza ziddir. Hər iki tərəfdə siyasi iradə olmalıdır. AB ilə Türkiyə arasında viza azadlığına təcili ehtiyac var.”
O, həmçinin Türkiyədə demokratik hüquq və azadlıqların təmin olunmasının önəmini vurğulayıb və AB-nin Türkiyə ilə münasibətlərdə tənqidi dialoqu davam etdirəcəyini, lakin əməkdaşlığın kəsilməyəcəyini bildirib.
Nigar Rəhimova
17:03 23.06.2025
Oxunuş sayı: 794