Ər-Riyadda GƏRGİNLİK: Səudiyyə Ərəbistanının paytaxtına raket zərbəsi
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda husilərin hücumu ehtimalı fonunda hava hücumu xəbərdarlığı verilib və şəhərdə iki partlayış səsi eşidilib.
Crossmedia.az xəbər verir ki, “AFP” bu barədə məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq şənbə günü səhər saatlarında sakinlərin mobil telefonlarına göndərilib. Mesajda ərazidə hava təhlükəsinin olduğu bildirilib və insanlara evlərində qalmaq tövsiyə edilib.
“AFP” müxbirləri daha sonra Ər-Riyadda iki partlayış səsi eşidib. Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti xəbərdarlığı təxminən yarım saat sonra ləğv edib.
Hadisənin husilər tərəfindən həyata keçirilən raket və ya pilotsuz uçuş aparatı hücumu ilə bağlı olub-olmadığı barədə Səudiyyə Ərəbistanı hakimiyyəti hələlik ətraflı açıqlama verməyib.
Bu, Yəməndə döyüşlərin iyul ayında yenidən şiddətlənməsindən sonra Ər-Riyadda ilk hava hücumu xəbərdarlığıdır. Husilər son həftələrdə Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərinə və enerji infrastrukturuna raket və dron hücumları həyata keçirdiklərini bildiriblər.
Yəməndəki son qarşıdurmalar fonunda husilər Qırmızı dəniz sahillərində mövqelərini genişləndirib və Bab əl-Məndəb boğazına nəzarəti ələ keçiriblər. Bu vəziyyət regionda gəmiçilik və enerji daşımaları ilə bağlı riskləri də artırıb.
10:44 19.09.2026
Oxunuş sayı: 40