"Türkiyə Cümhuriyyətinin yaranması dönəmində Əhməd bəy Ağaoğlunun bir maarifçi və dövlət xadimi kimi töhfələri"

Türkiyə Cümhuriyyətinin yaranması yalnız hərbi qələbənin deyil, eyni zamanda siyasi düşüncənin, intellektual təcrübənin və mədəni yüksəlişin qələbəsidir. Bu prosesin mühüm simalarından biri Azərbaycan əsilli türk aydını və dövlət xadimi Əhməd bəy Ağaoğludur. Həm Azərbaycanda, həm də Türkiyədə siyasi və milli mübarizədə fəal rol almış Əhməd bəy Ağaoğlu, Cümhuriyyətin elanında və onun institusional quruluşunun formalaşdırılmasında əhəmiyyətli töhfələr vermişdir. O, Türkiyə Cümhuriyyətinin yaranma prosesinin intellektual düşüncə təməlini qoyan şəxsiyyətlərdən biri hesab olunur.
Mustafa Kamal Atatürkün rəhbərliyi ilə formalaşan Cümhuriyyət ideologiyasının əsasını təşkil edən dünyəvilik, xalqçılıq, milliyyətçilik, dövlətçilik, islahatçılıq və respublikaçılıq prinsipləri Ağaoğlunun siyasi və fəlsəfi mövqeyi ilə üst-üstə düşürdü. Ağaoğlunun xüsusilə fərd azadlığı, milli müstəqillik və hüquq dövləti ilə bağlı fikirləri, Cümhuriyyət quruluşunun qanuniliyi və davamlılığını təmin edən düşüncə töhfələri kimi qiymətləndirilməlidir.
Türkiyədə ictimaiyyət arasında daha çox jurnalist fəaliyyəti ilə tanınan Əhməd bəy Ağaoğlu, xüsusilə Ankarada cərəyan edən hadisələri öz siyasi baxışları əsasında dəyərləndirmiş və bu fikirlərini Türkiyə Böyük Millət Məclisində də dilə gətirmişdir. O, Cümhuriyyətin elanında və dövlət quruluşunun formalaşdırılmasında mühüm intellektual təsirə malik olmuşdur. Onun fəaliyyəti türk dünyasının ortaq dəyərlərindən biri kimi qəbul edilir.
Ağaoğlunun milliyyətçilik anlayışı etnik mənsubiyyətə görə deyil, mədəni və siyasi bütövlüyə əsaslanan bir “vətəndaşlıq şüuru”na dayanır. O, türk milliyyətçiliyini müasir bir kimlik formalaşdırma vasitəsi kimi qiymətləndirmiş və bu baxımdan təhsilin milli xarakter daşımalı olduğunu vurğulamışdır. Atatürkün milliyyətçilik prinsipi də oxşar şəkildə, Türkiyə sərhədləri daxilində bütün fərdləri əhatə edən, birləşdirici bir çətir kimi qurulmuşdur.
Əhməd bəy Ağaoğlu türk fikir tarixində önəmli yeri olan insan kimi Osmanlı imperiyasının son dövründən başlayaraq Türkiyə Cümhuriyyətinə qədər uzanan dövrdə türklük, respublikaçılıq və modernləşmə ideyaları ilə ön plana çıxmışdır. Onun rəhbərliyi altında fəaliyyət göstərən Anadolu Agentliyi müəyyən çətinliklərə baxmayaraq üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmış, xüsusilə mətbuat orqanlarının çətin şəraitdə mövcudluğunu davam etdirmə işində mühüm rol oynamışdır. Həmdə öz yaradıcılığında türk xalqının qədim dövr tarixi və mədəni irsi üzrə fikirləri ilə tanınan Ağaoğlunun bir ziyalı kimi türk tarixinə dair elmi baxışları xüsusilə maraq doğurmuşdur. O, həmin dövrdə Türk xalqının keçmişini araşdırarkən qədim türk cəmiyyətlərinin hüquqi quruluşlarının Qərb hüquq sistemləri ilə müqayisəsi və ailə hüququ sahəsində dərin araşdırma və təhlillərini aparmışdır.
Ağaoğlu Parisdəki təhsilini başa vurduqdan sonra 1896-cı ildə doğulduğu Şuşaya qayıdaraq burada müəllim işləmiş, ilk kitabxana və oxu zalını açmış, 1905-ci ildə Çar Rusiyası hökuməti və daşnak ermənilərlə mübarizə aparmaq məqsədilə gizli Difai təşkilatını yaratmışdır. 1908-cu ildə yaranmış vəziyyətlə əlaqədar o, İstanbula köçmüşdür. İstanbulda əvvəlcə maarif müfəttişi, daha sonra isə Süleymaniyyə Kitabxanasında çalışmışdır. Türk Vətən Cəmiyyəti və Türk Ocağı Cəmiyyətlərinin qurucuları arasında yer alaraq türklük ideyasının yayılmasına mühüm töhfələr vermişdir.
Əhməd bəy Ağaoğlu yüksək təhsil səviyyəsi və geniş dünyagörüşü ilə daim maarifləndirici fikirlər irəli sürmüş, xalqın sosial birliyinin dil və mədəniyyət birliyi ilə təmin ediləcəyini müdafiə etmişdir. Onun düşüncələrinin əsas qayəsi Türklüyə dəyər qazandırmaq, türklərə kim olduqlarını xatırlatmaq, türklüyü birləşdirici və bütövləşdirici siyasətlərin mərkəzinə gətirmək, Şərq və Qərb arasında siyasi, ictimai, iqtisadi və mədəni əlaqələrin inkişafını təmin etmək olmuşdur. O, millət anlayışını insanın təyin edə biləcəyi ən ali məqsəd kimi dəyərləndirmiş, ona görə də millət ideyası cəmiyyəti birləşdirən, ümumi duyğu və məqsəd birliyi yaradan əsas vasitə kimi görülmüşdür. O, milli məqsədi olmayan cəmiyyətin dağınıq, zəif və gücsüz bir kütlə olduğunu vurğulamışdır. Həmin dövrün millətçilik düşüncəsində əsas məqsəd dağınıq kütləni ümumi ideallar ətrafında birləşdirmək, özünəməxsuslaşdırmaq və milli bağlılığı möhkəmləndirmək idi. Ağaoğluna görə millət artıq dağınıq kütlə deyil, ortaq məqsədə yönəlmiş və birləşmiş bir cəmiyyətdir.
1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsindən sonra Bakını erməni və bolşevik dəstələrindən azad etmək üçün Anadoludan yola düşən Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın siyasi müşaviri kimi vətəninə qayıtmışdır. Yeni qurulan Azərbaycan Cümhuriyyətinin parlamentinə üzv seçilən Ağaoğlu, Paris Sülh Konfransında Azərbaycanı təmsil etmək üçün seçilsə də, Mondros Müqaviləsinin imzalanmasından sonra Qafqazdan çəkilən Osmanlı ordusu ilə birlikdə İstanbula dönmək məcburiyyətində qalmışdır.
Milli Mücadilə illərində Əhməd bəy Ağaoğlu
Əhməd bəy Ağaoğlu millətçilik ideyasının Avropa siyasi tarixindəki təsirini təhlil etmiş və millətçiliyi bütün xalqı sinif fərqi olmadan bərabər qəbul edən bir anlayış kimi dəyərləndirmişdir. Yəni millətçilik cəmiyyətin iqtisadi, siyasi, mədəni fərqliliklərini aşaraq bir bütövləşmə yaratmışdır. O, milləti ortaq şüur, ümummilli iradə və məqsəd birliyi ilə səciyyələndirmiş və belə demişdir: “Yalnız öz idarəsi ilə hərəkət edən və fərdləri düşüncə və araşdırma sahələrində məqsəd baxımından birləşən icmalara millət adı verilə bilər.”
Mustafa Kamal Atatürk, Cümhuriyyətin elanında mübahisələrin uzanmasının arzuolunmaz nəticələr doğura biləcəyini düşünərək, Əhməd bəy Ağaoğlu, Yunus Nadi, Cəlal Nuri və Ziyə Göyalp kimi şəxslərdən Türkiyə Cümhuriyyətinin əsas qanunu (Teşkilat-ı Əsasiyəsi) ilə bağlı layihələr hazırlamalarını istəmişdir. Lakin bu layihələrin uzun və təfsilatlı olması səbəbilə Atatürk, mövcud əsas qanunun bəzi maddələrini cümhuriyyət prinsiplərinə uyğun şəkildə dəyişdirərək və bir neçə maddə əlavə etməklə yeni bir konstitusiya hazırlamışdır. Əhməd bəy Ağaoğlu 1924-cü il Konstitusiyasının hazırlanmasında da mühüm rol oynamış, dünyəvilik və hüquq dövləti prinsiplərinin konstitusiya əsasına salınmasına ciddi töhfə vermişdir. 1921-ci ildə qurulan Anadolu Agentliyinin səhmdar cəmiyyətə çevrilməsinin ardından, 1925-ci ildə agentliyin İdarə Heyətinin sədri seçilmişdir. Ağaoğlu türklərin mədəni və hüquqi quruluşlarının Qərbdən fərqli olaraq daha orijinal və kollektiv xarakter daşıdığını vurğulamışdır. Bu baxış, türk xalqının tarix boyunca qazandığı azadlıq yönümlü anlayışların hüquq sisteminə qədər nüfuz etdiyini göstərir.
Avropada millətçiliyin inkişaf trayektoriyasını araşdıran Ağaoğlu, Şərqdə feodalizmin aradan qaldırılması üçün maariflənmənin, dünyəviləşmənin və elmin inkişafının vacib olduğunu qeyd etmiş və yeni bir təşkilatlanma formasına, idarəetmə modelinə ehtiyac duyulduğunu göstərmişdir. Milli müstəqillik və millət anlayışına əsaslanan millətçilik ideyası Fransız İnqilabından sonra bütün dünyada sürətlə yayılmağa başlamışdır. Ağaoğlu, türk millətinin tarixi köklərinin qədim tarixə söykəndiyini və türklərin dünya sivilizasiyasına mühüm töhfələr verdiyini müdafiə etmişdir.
Ahmət Ağaoğlunun fəaliyyəti Cumhuriyyətin tarix siyasətinin və bu siyasətdə ziyalılar üzərinə qoyulan missiyanın aydın təzahürüdür. Keçmişə laqeyd qalmayan, onu şüurlu şəkildə dəyərləndirən və gələcəyə daşıyacaq nəsillərin yetişdirilməsi üçün həm ziyalılara, həm də maarifçilərə mühüm vəzifələr düşür. Bu, bu gün belə tarix şüurunun və milli yaddaşın formalaşdırılmasında bizə yol göstərə biləcək qədər dərin mənaya malikdir.
Ağaoğlu, Cumhuriyyətin elanından sonra Türk millətinin tarixi oyanış mərhələsinə qədəm qoyduğunu göstərir. O, bu yeni dövrün başlanğıcını bir “yolun açılması” kimi qiymətləndirir və bu yolun Türk millətinin tarixi kimliyini yenidən qurmaq səylərinin simvolu olduğunu vurğulayır. Bu yanaşma onun tarix anlayışının yalnız keçmişi öyrənmək deyil, həm də bu bilikləri millətin gələcəyi üçün istifadə etmək zərurətini ortaya qoyur. Tarixə maraqsızlıq və laqeydlik dövrünün artıq geridə qalmalı olduğunu bildirir və modernləşmə prosesində ziyalının passiv deyil, aktiv və yaradıcı subyektə çevrilməsi fikrini irəli sürür. O, Türk ziyalılarına və gəncliyə böyük məsuliyyət yükləyir. Bu da tarixi araşdırmaların əhatəsinin genişləndirilməsi və metodologiyasının zənginləşdirilməsi ehtiyacını ortaya qoyur.
Ağaoğlu, təhsilin fərdin azadlaşmasındakı rolunu ön plana çəkmiş, cəhalətə qarşı aparılan mübarizədə təhsil islahatlarının əhəmiyyətini vurğulamış, mütləqiyyətçi idarəetmə formalarına qarşı çıxmış, Cumhuriyyəti, konstitusiyalı idarəni və xalq hakimiyyətini müdafiə etmişdir. Onun “hüquq dövləti” anlayışı Atatürkün Cumhuriyyət rejiminin təməlini təşkil edən hakimiyyətin xalqa məxsus olması fikri ilə tam üst-üstə düşür. Bundan əlavə, 1924-cü il Konstitusiyasının hazırlanmasında Əhməd Ağaoğlunun təsirli olduğu, onun konstitusiya qurumları və hüquq sistemi ilə bağlı fikirlərinə ciddi şəkildə önəm verildiyi məlumdur.
İnqilabçılıq, Cumhuriyyət və Modernləşmə
Ahmət Ağaoğlu yalnız keçmişə bağlı deyil, həm də mütərəqqi düşüncəli bir fikir adamı idi. O, qərbləşmənin və çağdaşlaşmanın yalnız texniki cəhətdən deyil, eyni zamanda zehni bir dönüşüm olduğunu müdafiə edirdi. Bu baxımdan, inqilabçılıq prinsipinin daşıdığı daimi yenilənmə, irəliləyiş və zehni dəyişiklik anlayışı onun modernləşmə düşüncəsi ilə birbaşa paralellik təşkil edir.
Ağaoğlu, Atatürkün Cumhuriyyət prinsipləri və inqilabları istiqamətində bu düşüncələrin formalaşmasına zəmin yaradan mühüm bir fikir insanı olmuşdur. Onun dünyəvilik, millətçilik, xalqçılıq və inqilabçılıqla bağlı düşüncələri Cumhuriyyətin nəzəri əsaslarını gücləndirmişdir.
Qazi, Cumhuriyyətin elanı ərəfəsində belə dedi: ‘Mütəxəssis heyətlərdən başqa, millət vəkili Ağaoğlu Əhməd, Yunus Nadi, Cəlal Nuri, Ziya Göyalp bəy kimi şəxslərdən Türkiyə Cumhuriyyətinin təşkili haqqında layihələr hazırlamalarını istəmişdim. Onlar layihələrini hazırlayıb mənə təqdim etdilər. Bu layihələri çox uzun və təfərrüatlı hesab etdim. Müzakirələrin günlərlə, həftələrlə uzanması və bu səbəbdən Cumhuriyyətin elanının ləngiməsi mümkün idi. Buna görə də tez qərar verdim. Mövcud əsas qanunun bəzi maddələrini Cumhuriyyət prinsiplərinə uyğun olaraq dəyişdirmək və bir neçə maddə əlavə etməklə layihəni şəxsən özüm hazırladım. Məclisə təqdim etdim.”
Mustafa Kamalın yuxarıdakı sözlərindən də göründüyü kimi, o, Cumhuriyyətin elanına dair müzakirələrin uzanmasının tərəfdarı deyildi. Çünki Məclisdə baş verə biləcək istənilən qarışıqlıq və siyasi xaos cəmiyyət üzərində mənfi təsir göstərə bilər və bu, Cumhuriyyətin elanının təxirə salınmasına səbəb ola bilərdi. Əslində lazım olan müzakirələr artıq qəzet sütunlarında köşə yazarları tərəfindən ətraflı şəkildə aparılmışdı. Bu baxımdan Cumhuriyyətin elan olunacağından hər kəs xəbərdar idi. Xalq da bu prosesi yaxından izləyir, Cumhuriyyət mövzusunda heç bir müxalif təbliğata uymur və bu rejimi qəbul edəcəyini müxalif hərəkatlara qoşulmamaqla göstərirdi. Buna görə də Mustafa Kamal, Cumhuriyyətin elanına dair Məclisdə günlərlə davam edəcək müzakirələrin gərəksiz olduğunu düşünərək hərəkət etmişdi.
Cumhuriyyət elan edildikdən sonra bu rejimə qarşı olan qruplar susmadı və Cumhuriyyət əleyhinə fikirlərini müxtəlif qəzet sütunlarında ifadə etdilər. Cumhuriyyət elan edilməmişdən əvvəl onun əleyhinə çoxsaylı yazılar yazan Vəlit Əbüzziya, elan sonrası da bu mövqeyini davam etdirərək, “Cənablar, dövlətin adını müəyyən etdiniz, işləri də düzəldə biləcəksinizmi?” başlıqlı yazısında, Cumhuriyyətin elanında mühüm rol oynayan Ağaoğlu Əhməd və Cəlal Nuriyə açıq şəkildə qarşı durduğunu ifadə edirdi. “Bu ölkədə bu gün həm seçkinlərin, həm də xalqın yeganə arzusu artıq bu səs-küylü, dedi-qodulu, üzüntülü idarəetmə dəyişiklikləri dövrünün sona çatdırılması və doğrudan da dövlət və millət üçün faydalı işlərin başlanmasıdır. Əgər dünən elan edilən Cumhuriyyətin rəhbərləri və üzvləri bunları həyata keçirə biləcəklərinə inanırlarsa, biz də onlara ‘O halda Cumhuriyyətiniz mübarək olsun, cənablar!’ deyirik".
Milli Mücadilə dövründə o, bu ruhu xalqa çatdırmaq məqsədilə yaradılan İrşad Heyətlərinin ən fəal üzvlərindən olmuşdur. Bu məqsədlə Anadoluya yeddi aylıq maarifləndirmə səfərinə çıxmış, konfranslar vermək, qəzet çıxarmaq və məktəblər açmaq kimi vəzifələrlə Ankara, Samsun, Trabzon, Gümüşhanə, Ərzurum, Qars şəhərlərində və ətraf bölgələrdə fəaliyyət göstərmişdir. Bu vəzifə əsnasında mütərəqqi xidmətlərinə görə Qazinin rəğbətini qazanmışdır.
Ankarada Mətbuat və Məlumat Baş İdarəsinin müdiri, Anadolu Agentliyinin rəhbəri və “Həkimiyyət-i Milliyə” qəzetinin baş redaktoru vəzifələrini icra etmişdir. Bu dövrdə “Kənd Müəllimi”, “Sırat-ı Müstəqim” və “Yeni Məcmuə”nin nəşrinə dəstək vermişdir. Bu illərdə "Sivilizasiya tarixi"ndən dərs dediyi də məlumdur. Məclisdə və mətbuatda Əhməd bəy Ağaoğluna qarşı ciddi ittihamlar irəli sürülmüş, lakin Mustafa Kamal Atatürk “ Ağaoğlu Əhməd bəy kimi qardaşlara arxalanaraq” inqilabi islahatları həyata keçirəcəyini bildirərək onu hər zaman müdafiə etmişdir.
Cumhuriyyətin qurulmasının 10-cu ili nitqində Qazi Mustafa Kamal Atatürk belə demişdir: “Az zamanda çox və böyük işlər gördük. Bu işlərin ən böyüyü, təməli Türk qəhrəmanlığı və yüksək Türk mədəniyyəti olan Türkiyə Cumhuriyyətidir. Bu uğuru Türk millətinin və onun dəyərli ordusunun birgə və qətiyyətli iradəsinə borcluyuq. Lakin etdiklərimizi əsla yetərli saya bilmərik. Çünki daha çox və daha böyük işlər görmək məcburiyyətindəyik və bu əzmimiz var. Yurdumuzu dünyanın ən abad və ən mədəni ölkələri səviyyəsinə çıxaracağıq. Millətimizi ən geniş rifah vasitə və mənbələrinə sahib edəcəyik. Milli mədəniyyətimizi müasir sivilizasiya səviyyəsinin üstünə qaldıracağıq. Bunun üçün bizə görə zaman ölçüsü keçmiş əsrlərin zəif iradəli düşüncə tərzinə deyil, dövrümüzün sürət və hərəkət anlayışına uyğun olmalıdır. Keçmişlə müqayisədə daha çox çalışacağıq. Daha az zamanda daha böyük işlər görəcəyik. Bu işdə də uğur qazanacağımıza şübhəm yoxdur. Çünki xarakteri yüksəkdir. Türk milləti zəhmətsevərdir. Türk milləti zəkalıdır. Çünki Türk milləti milli birlik və həmrəyliklə çətinlikləri aşmağı bacarmışdır. Türk millətinin tərəqqi və mədəniyyət yolunda əlinə və beyninə tutduğu məşəl müsbət elmdir. Bunu da xüsusilə qeyd etməliyəm ki, yüksək bir insan cəmiyyəti olan Türk millətinin tarixi xüsusiyyətlərindən biri də gözəl sənətləri sevmək və bu sahədə yüksəlməkdir. Ona görə də, millətimizin yüksək xarakterini, yorulmaz zəhmətsevərliyini, fitri zəkasını, elmə bağlılığını, gözəl sənətlərə sevgisini, milli birlik duyğusunu daim və hər cür vasitə və tədbirlərlə bəsləyərək inkişaf etdirmək bizim milli idealımızdır".
Ağaoğluna görə, millət ortaq bir iradəyə söykənən, bir yerdə yaşamaq iradəsi nümayiş etdirən bir qurumdur. Millət fikir və əməl sahəsində ortaq bir məqsəd daşıyan insanlardan ibarətdir və bu birlik cəmiyyət daxilində güclü bir ictimai quruluşun formalaşmasına səbəb olacaqdır. Ağaoğlunun Türkiyədə Cümhuriyyət quruculuğuna töhfələri onun yalnız bir siyasətçi və ya jurnalist kimi deyil, eyni zamanda tarixi kimliyin formalaşdırılmasına yönəlmiş fikirləri ilə də onun önəmli bir şəxsiyyət olduğunu ortaya qoyur. Ağaoğlu millətin varlığının əsasını birinci növbədə dil və dilin bütün ifadə formaları olan ədəbiyyat, incəsənət, musiqi, ikinci olaraq din və üçüncü olaraq irqin təşkil etdiyini, bu üç fərqli xüsusiyyətin birləşməsindən milliyyətin meydana gəldiyini göstərmişdir. Ağaoğlu, türk millətinin tarix səhnəsindəki köklü varlığını ön plana çəkən fikirləri ilə Türk tarixinin ümumbəşəri sivilizasiya içərisindəki yerini müdafiə etmiş, elmi tarix anlayışının formalaşmasına töhfə vermişdir. O, milləti iradi amillərə əsaslandırmış, etnik millətçilik tərəfdarı olmadığını göstərmişdir. Bu baxımdan, Ağaoğlunun fəaliyyəti həm Cümhuriyyət dövrü tarix yazımına, həm də milli kimliyin formalaşmasına əhəmiyyətli bir töhfə kimi qiymətləndirilməlidir.
Əhməd bəy Ağaoğlunun türk millətinin tarixi məsuliyyətini yerinə yetirməsinin vacibliyini vurğulayan çıxışları və mövqeyi göstərir ki, türklərin tarix anlayışı yalnız keçmişi öyrənmək deyil, bu bilikdən millətin gələcəyi üçün istifadə etməyi də əhatə edir. Bu yanaşma onun tarix şüurunu milli şüur məsələsi kimi dəyərləndirdiyini və müəllimlərin bu şüurun ötürülməsindəki rolunun yüksək və əvəzsiz olduğunu göstərir. Ağaoğlunun bu prosesdəki rolu onu yalnız Türkiyə Respublikasının deyil, eyni zamanda Türk dünyasının ortaq dəyəri halına gətirmişdir.
Əhməd bəy Ağaoğlu, eyni zamanda, Türk müəllimlərini yalnız bilgi verən şəxslər kimi deyil, həm də tarixi şüuru aşılayan şəxslər kimi dəyərləndirir və bu məsuliyyəti müqəddəs bir vəzifə kimi qiymətləndirir. O, müəllimlərin tarixi şüurun nəsildən-nəsilə ötürülməsindəki həlledici rolunu xüsusi vurğulayır.
Əhməd bəy Ağaoğlu həm Azərbaycanda, həm də Türkiyədə Cümhuriyyət quruluşu uğrunda siyasi və mədəni mübarizədə önəmli bir şəxsiyyətdir. O, hər iki ölkədə Cümhuriyyət institutlarının formalaşmasında intellektual təfəkkürü və dövlət xadimi olaraq mühüm töhfələr vermişdir. Bu səbəbdən onun maarifçi ideyaları və fəaliyyəti türk dünyasında yüksək dəyərləndirilir.
Mahir Qərib
Tarix üzrə fəlsəfə doktoru
15:10 21.06.2025
Oxunuş sayı: 1131