"Dayı, ehtiyatlı ol ha"- Dərdlilərin "məkanından" reportaj

Sumqayıta çoxdandır gəlmək istəyirdim. Amma nə sənayə məhsullarına, nə Göyçərçin abidəsinə, nə də məşhur corat qutabına görə. Məhz dənizinə görə. Deyirdilər ki, Sumqayıt sahilləri – bulvarın kənarı istirahət üçün ən gözəl yerlərdəndir. Odur ki, bu isti havalarda fürsət tapıb Sumqayıtın yolunu tutdum.
Bulvara çatana yaxana avtobus sürücüsünə deyirəm:
- Dayanacaqda saxlayarsız...
Təmkinini pozmadan cavab verir:
- Qardaş, bura Sumqayıtdı e, burada hər yer “asdanovka”dır.
Deyəsən, ikicə kəlməmdən başa düşür ki, Sumqayıtda qalan, burada yaşayan adam deyilən. Amma hər halda aydan da gəlmişəm. Bakıda Sumqayıta maşınla bircə saatlıq yoldur. Belə təəccüb dolu baxışlara nə ehtiyac var ki? Nə isə...
Avtobusdan düşür, bulvara daxil oluram. Ətrafda bir neçə restoran var. Kiçik “budka”lar, popkorn, şirin pambıq satan uşaqlar gözümə dəyir. İstinin altında o tərəf- bu tərəfə gəzirlər. Atraksion növlərindən istifadə edən, demək olar, yoxdur. Ümumiyyətlə, bulvarda adam azdır. Bu havada kim başına gün döyə döyə mənim kimi bulvarda gəzər ki?
Vaxt itirmək istəmirəm. Dəniz sahilinə doğru irəliləyirəm.Yaxınlaşdıqca dənizin iyi məni vurur. Addım atdığım hər yer duzdur. Su isə xeyli aralıdadır. Bu o deməkdir ki, dəniz getdikcə çəkilir. Bu da siz təbii fəlakət...
Məlumat üçün deyim ki, dəniz Corat qəsəbəsindən başlayaraq Sarıqayabaşı burnu ərazisinə istiqamətlənir. Xüsusilə Yeni Corat və Corat qəsəbələrinin sahilləri balıqqulağı ilə örtülüdür. Çimərlik yay ayları şəhər sakinlərini özünə cəlb edir. Son illər sutəmizləyici qurğuların inşası və yenilənməsinə baxmayaraq, çimərlikdə ekoloji tarazlıq bərpa olunmamışdır. Sumqayıt bulvarının salınması ilə çimərliyin şimal hissəsində tikinti işləri aparılmışdır. Novxanı çimərliyinə yaxın sahələrdə restoran, kafe, otel və pullu çimərliklərin sahili örtməsi dənizə açılan mənzərənin qarşısını alır.
Dəniz o qədər də dalğalı deyil. Amma arada bir ləpələr qayalıqlara çırpılaraq parçalanır və geri qayıdır. Əslində bu özü də böyük bir fəlsəfədir. Məşhur mahnıda deyildiyi kimi, nə qədər sərt olsa da qayalar, qayalara çırpılıb geri qayıdar...
Yalan olmasın, bəlkə, bir iyirmi dəqiqə yol gedirəm. Nədir, nədir, gəlib dənizin qırağına çatacam deyə. Düzü, isti də o qədər asan olmur. Lakin bacarıram. Əvvəl bulvardan çimərliyə düşür, oradan da qumluq əraziyə keçirəm. Əsas məsələ də bundan sonra başlayır. Belə ki, mənə deyilən yerdə- insanların hüzur tapdığı ərazidə olmaq üçün gərək əvvəlcə qayalıqlara dırmaşasan, sonra da oradan aşağı düşəsən. Bayaq bəri əlimdə gəzdirdiyim çiyin çantamı çiynimə salıram. Bİlirəm ki, əks təqdirdə hərəkət etməyim çətin olacaq.
Mümkün qədər ehtiyatla hərəkət etməyə çalışıram. Tələsmirəm. Daşlar sürüşkən, kiçik və yöndəmsizdir. Bu, hərəkəti daha da çətinləşdirir. Odur ki, lazım gələndə əlimi yerə qoymaqdan da çəkinmirəm. Bu, daha yaxşıdır. Nəinki yıxılmaq. Yavaş- yavaş aşağı düşməyə çalışıram. Arada büdrəyən kimi olsam da, özümü saxlayıram. Təxminən 2- 3 dəqiqədən sonra daşlar bitir, dənizin düz qırağına gəlib çatıram. Bilmirəm buradan dənizə yıxılsam ayağım yerə çatar, ya yox.
Ətrafda balıq tutanlar var. Tilovlarını suya atıb səbrlə gözləyirlər. Daşın üstündə oturub onları izləyirəm. Arada bir bir- birilərinə nə isə replika atır, sonra yenidən işlərinə davam edirlər- gözləyirlər. Elə bilməyin ki, asandır. Bəlkə də, ən çətini elə budur: ümidlə gözləmək- lazım gəlsə saatlarla, günün axırına qədər. Lazım gəlsə sonsuzadək. Hər halda ömrünün axırına qədər gözləyənlər də az deyil...
Onlardan birinə yaxınlaşıram:
- Yorulmayasınız- deyirəm
Fikrini yayındırmadan “Sağ ol, bacıoğlu” söyləyir. Gözü tilovunda, daha doğrusu, tilovun suya girən hissəsində, qarmaqdadır: titrəyiş hiss edən kimi çəkəcək.
Hansı növ balığı gözlədiyini soruşuram. Etinasızca "əşşi, nə olsa" deyir. Vedrəsi isə bom- boşdur. Odur ki, cavabı heç də təəccüblü deyil.
Sonra başqa bir balıqçıya yaxınlaşıram. Deyir ki, təzə gəlib, amma bir neçə balıq tutana qədər gözləyəcək:
- Evdən çıxanda uşaqlarıma söz vermişəm...
Bir neçə balıqçı ilə söhbət edirəm. Məlum olur ki, bəziləri yemək, bəziləri satmaq, bəziləri də sadəcə zövq üçün balıq tutur.
Təxminən 22- 23 yaşlarında ola biləcək bir balıqçı deyir:
- Balığı tuturam. Sonra yenidən suya buraxıram. Sadəcə balıqla mübarizə xoşuma gəlir.
Onun dedikləri mənə amerikalı məşhur yazıçı Ernest Hemenqueyin "Qoca və dəniz"ini xatırladır.
Sonra yenidən gəzirəm. Ərazi pivə, şərab butulkaları ilə doludur. Haçansa yaxınların birindən eşitdiyim söz yadıma düşür. Demişdi ki, bəziləri dərddən içir, bəziləri kefdən...Özü də belə yerdə- səssiz, sakit. Bir sən varsan, bir də dəniz. Nə qədər danışsa da, səni dinləyəcək.
Ətrafda uşaqlar da var. Özləri üçün oynayırlar. Ehtiyatla gəzdiyimi görüb mənə xəbərdarlıq edirlər:
- Dayı, diqqətli ol ha, daşlar sürüşkəndir, suya yıxılarsız.
Əslində bunu mən onlara deməliyəm. O qədər cəld hərəkət edirlər ki. Hiss olunur ki, necə deyərlər, Sumqayıt uşaqlarıdırlar, buraya da tez-tez gəlirlər.
İçki butulkularına işarə edib uşaqlardan soruşuram:
- Nə məsələdir?
Bir- birilərinə baxım gülümsəyirlər. Məsələnin nə yerdə olduğunu anlayıram.
Təxminən bir saat burada otururam. İstər- istər mən də dənizlə danışıram: olub- bitənlərdən, ola biləcəklərdən. Ruhumun dincəldiyini hiss edirəm. Geri qayıdanda məşhur mahnını zümzümə edirəm: "Mənə dəniz verin..."
Kənan Novruzov
11:57 18.06.2025
Oxunuş sayı: 740