ABŞ səfiri: Əhməd Şəraa radikal qrupların hədəfi ola bilər

ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak, Suriya Prezidenti Əhməd Şəraanın “inklüziv idarəetmə qurmaq və Qərblə yaxınlaşmaq səyləri” səbəbilə radikal qrupların hədəfinə çevrilə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Al-Monitor saytına açıqlama verən Barrak, “Şəraanın ətrafında bir mühafizə sistemi qurmalıyıq”,- deyə vurğulayıb. O, Bəşər Əsəd rejiminin devrilməsi prosesində Şəraa ilə birlikdə vuruşan və hazırda milli orduya inteqrasiya olunmağa çalışılan xarici döyüşçülərin, İŞİD kimi terror qrupları tərəfindən yenidən radikallaşdırılmaq istəndiyini bildirib.
Şəraanı “ağıllı, özünə inamlı və diqqətini yayındırmayan” lider kimi xarakterizə edən Barrak, onun keçmiş əlaqələrinə yönələn tənqidlərin indi əhəmiyyət daşımadığını deyib: “Bu gün bizim maraqlarımız onun maraqları ilə üst-üstə düşür”.
Barrak, Şəraanın xüsusilə xristian, ələvi, kürd və dürzi kimi müxtəlif etnik və dini icmaların hüquqlarını təmin edəcəyinə dair verdiyi vədləri xatırladıb. O, Suriyaya qarşı sanksiyaların aradan qaldırılması üçün rəsmi şərt olmasa da, müəyyən gözləntilərin olduğunu bildirib. Bu gözləntilər sırasında Fələstinli militantlara qarşı daha sərt mövqe tutulması, İŞİD-lə mübarizənin gücləndirilməsi və Suriyanın Abraham Razılaşmalarına qoşulması istiqamətində addımlar atması yer alır.
İsrail ilə Suriya arasında gərgin münasibətlərə də toxunan Barrak, “İki ölkə arasında bir gün münasibətlərin normallaşa biləcəyinə dair siqnallar var”,- deyib. O, İsrailin Əsədin devrilməsindən sonra Suriyanın cənubunda hərbi fəaliyyətini artırdığını və Colan Təpələrində 400 kvadrat kilometrlik bufer zonanın nəzarətini ələ keçirdiyini qeyd edib.
Səfir, İsrail və Şəraa rəhbərliyi arasında birbaşa dialoq olmasa da, “səssiz bir anlaşma ilə” hərəkət edildiyini vurğulayıb: “Hər iki tərəf bu mərhələdə hərbi toqquşmanın çox pis nəticələr doğuracağının fərqindədir”.
Mədinə Cəlilova
23:20 11.06.2025
Oxunuş sayı: 1344