Qrenlandiyada fəlakətin ayaq səsləri: Buzların əriməsi rekord səviyyəyə çatdı

Qrenlandiya buzlaqları may ayında yaşanan istilər zamanı normadan 17 dəfə sürətlə əriyib. Dünya Hava Praqnozu (World Weather Attribution – WWA) adlı elmi təşkilat bu qeyri-adi ərimənin qlobal istiləşmənin təsirlərini açıq şəkildə göstərdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, WWA-nın məlumatına görə, İslandiyada da bu may ayında 1991–2020-ci illərin orta göstəricisindən 13 dərəcə selsi daha isti hava müşahidə olunub. Meteoroloji institutun məlumatına əsasən, ölkə üzrə hava stansiyalarının 84%-i may ayında rekord temperatur qeydə alıb.
Qrenlandiyanın şərqində baş verən isti hava dalğası zamanı ən isti gün sənaye öncəsi dövrə nisbətən 3,9 dərəcə selsi daha isti olub. Mütəxəssislər bu cür temperatur rekordlarının təxminən 100 ildən bir təkrarlandığını bildirir.
Qrenlandiya və İslandiya kimi soyuq iqlimə uyğunlaşmış bölgələrdə isti hava dalğalarının infrastruktur üzərində ciddi təsirləri olur. Qrenlandiyada buzların sürətlə əriməsi daşqınlara səbəb ola bilər və yollarla infrastruktura zərər verə bilər. 15 may tarixində İslandiyada temperatur 26 dərəcə selsini keçərək bölgə üçün qeyri-adi hadisə ilə nəticələnib. Bu isə yollarda təhlükəli sürüş şəraitinin yaranmasına səbəb olub, Qrenlandiyada isə buzlaqların qırılması ovçuluq, balıqçılıq və səyahətlə dolanan yerli icmaları təhdid edib.
WWA-nın təhlilinə əsasən, iqlim dəyişikliyi bu cür ekstremal istiləri təxminən 3°C daha isti edib və onların başvermə ehtimalını 40 dəfə artırıb. Cari iqlim modelləri temperatur artımını adətən olduğundan az qiymətləndirsə də, qlobal istiləşmə 2,6°C-yə çatarsa, bu cür hadisələrin iki dəfə daha tez-tez və daha şiddətli olacağı proqnozlaşdırılır.
İslandiyanın şərqində yerləşən Egilsstaðir şəhərində 26,6°C ilə yeni may ayı temperatur rekordu qeydə alınıb. Bu temperaturun təxmin edilən geri dönmə müddətinin 110 il olduğu bildirilir. Qrenlandiya və İslandiya artan temperatur və dəyişən yağıntı rejimləri ilə Arktik bölgədəki ümumi istiləşmə meyillərini daha dərindən hiss edir.
İslandiya infrastruktur və ictimai sistemlərə yönəlmiş iqlim uyğunlaşma planlarını rəsmiləşdirərkən, Qrenlandiya isə istiliyi yeni bir ictimai səhiyyə təhdidi kimi dəyərləndirməyə başlayıb.
Mədinə Cəlilova
22:20 11.06.2025
Oxunuş sayı: 1142