Rusiya və Ukrayna sabahdan ağır yaralı hərbi əsirlərin mübadiləsinə başlayacaq

Rusiya ilə Ukrayna arasında sabah cəbhə xəttində yerləşən ağır yaralı hərbi əsirlərin mübadiləsinə başlanılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin müşaviri, İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski məlumat verib.
Medinski sosial media hesabında yaydığı açıqlamada qeyd edib ki, İstanbulda əldə olunan razılaşmaya əsasən, artıq əsgər cəsədlərinin təhvili prosesinə start verilib.
Onun sözlərinə görə, bu çərçivədə Ukrayna Silahlı Qüvvələrinə məxsus 1212 əsgərin cənazəsi qarşı tərəfə təhvil verilib. Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin 27 əsgərinin cənazəsi geri qaytarılıb.
“Cənazələrin köçürülməsi prosesi davam edəcək. Sabah isə ağır yaralı hərbi əsirlərin qarşılıqlı mübadiləsinə başlanılması nəzərdə tutulur”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında bir neçə mərhələdə əsir və cənazə mübadiləsi həyata keçirilib. Tərəflər humanitar məsələlər üzrə əlaqələri İstanbul vasitəsilə koordinasiya edir.
20:28 11.06.2025
Oxunuş sayı: 1781