Trampın tarifləri müvəqqəti olaraq qüvvədə qalacaq, məhkəmə yayda sürətli qərar verəcək

ABŞ Apellyasiya Məhkəməsi Prezident Donald Trampın tətbiq etdiyi ən ağır tariflərin müvəqqəti olaraq qüvvədə qala biləcəyinə qərar verib. Bu qərar hüquqi mübahisələr davam edərkən tariflərin dayandırılmaması deməkdir. Lakin məhkəmə işləri yay aylarında sürətləndirilib yekunlaşdırılacaq.
Crossmedia.az xəbər verir ki, Bu barədə CNN məlumat verib.
Məhkəmə, Tramp administrasiyasının milli fövqəladə vəziyyət elan edərək ölkə üzrə tariflər tətbiq etmək səlahiyyətini aşdığı barədə əvvəlki qərarına apellyasiya müraciətini nəzərdən keçirir. Məhkəmə həmçinin işə tam heyətlə sürətli baxışın lazım olduğunu bildirib.
İddiaçıların vəkili qərarı “təəssüf doğuran” adlandırsa da, sürətli araşdırmanın tezliklə yekun qərar verilməsinə səbəb olacağına ümid edir.
Ağ Ev sözçüsü Kuş Desai isə qərarı müsbət qarşılayaraq, administrasiyanın milli ticarət defisitləri və narkotik qaçaqmalçılığı ilə mübarizədə hüquqi səlahiyyətlərindən istifadə etdiyini vurğulayıb.
Qeyd edək ki, məhkəmənin bu qərarı Trampın daha əvvəl alüminium, polad və avtomobil məhsullarına tətbiq etdiyi sektor üzrə tariflərə aid deyil. Onlar fərqli qanunvericilik əsasında tətbiq olunub və hələ qüvvədə qalır.
Tariflərin gələcəkdə necə olacağı hələ də müəmmalıdır və bu, biznes və istehlakçılar üçün qeyri-müəyyənlik yaradır. Tramp isə tariflərdən qorunmaq üçün istehsalın ABŞ-da həyata keçirilməsini təşviq edir.
Nigar Rəhimova
16:50 11.06.2025
Oxunuş sayı: 837