Rusiya Ukraynaya cəhənnəm gecəsi yaşatdı

İyunun 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev və digər bölgələrdə yerləşən hərbi obyektlərə genişmiqyaslı hava hücumları həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, hücumlar pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli raketlər vasitəsilə icra olunub.
Hədəflər arasında Ukraynanın aviasiya, raket, zirehli texnika və gəmiqayırma sahəsində fəaliyyət göstərən müəssisələri, hərbi komanda məntəqələri, sursat və yanacaq anbarları, eləcə də hərbi hava limanlarına aid infrastruktur obyektləri yer alıb.
"Planlaşdırılmış bütün hədəflər uğurla vurulub", – deyə nazirliyin açıqlamasında bildirilir.
Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində ümumilikdə 1,355 hərbçi itirib. Ən çox itki Donetsk vilayətində qeydə alınıb. Nazirlik müxtəlif hərbi qruplaşmaların cəbhə xəttində əldə etdikləri nəticələri də təqdim edib.
“Mərkəz” qruplaşması 550-dən çox ukraynalı hərbçinin məhv edildiyini, ABŞ istehsalı olan M113 döyüş maşını və “Buk” zenit-raket kompleksinin sıradan çıxarıldığını bildirib.
“Cənub” qruplaşması isə 200-dən artıq əsgərin zərərsizləşdirildiyini, “Kozak” döyüş maşını və elektron müharibə stansiyalarının məhv edildiyini açıqlayıb.
Eyni zamanda, “Qərb” qruplaşmasının Xarkov və Donetskdə 210 hərbçini, “Şərq” və “Şimal” qruplaşmalarının isə ümumilikdə 320-yə yaxın ukraynalı əsgəri zərərsizləşdirdiyi iddia olunub.
“Dnepr” qruplaşması isə Zaporojye və Xerson bölgələrində 75 əsgərin həlak olduğunu, 4 artilleriya qurğusu və 4 radioelektron stansiyanın məhv edildiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, son sutkada Rusiya aviasiyası, artilleriyası və PUA bölmələri tərəfindən Ukrayna ordusu və xarici muzdluların müvəqqəti yerləşdiyi 151 mövqeyə zərbələr endirilib. Hava hücumundan müdafiə sistemləri isə 258 Ukrayna PUA-sını və iki ABŞ istehsalı HIMARS raketini zərərsizləşdirib.
Açıqlamada o da qeyd olunur ki, müharibənin başlanmasından indiyədək Ukraynaya məxsus 663 hərbi təyyarə, 283 helikopter, 62,725 PUA, 23,849 tank və digər zirehli texnika, 25,990 artilleriya sistemi və 36,698 hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb.
20:31 10.06.2025
Oxunuş sayı: 1530