Okeanlarda səssiz çökmə: Alimlər zamanın tükəndiyini açıqladı

Alimlər dünya okeanlarının sağlamlıq vəziyyətinin gözləniləndən daha pis olduğunu açıqlayıb və okean ekosistemlərini qorumaq üçün zamanın tükəndiyini bildiriblər.
Crossmedia.az xəbər verir ki,“The Guardian” qəzetinin məlumatına görə, okeanların turşulaşması daha əvvəl planet üçün təhlükəli həddə çatmamış sayılırdı. Lakin İngiltərənin Plimut Dəniz Laboratoriyası, ABŞ-nin Milli Okean və Atmosfer İdarəsi və Oreqon Dövlət Universitetinin birgə apardığı yeni tədqiqat bu sərhədin artıq beş il əvvəl keçildiyini ortaya qoyub.
Alimlər bildiriblər ki, buz nüvələri üzərində aparılan araşdırmalar, kompüter modelləri və dəniz həyatına dair müşahidələr son 150 ildə okeanların vəziyyətinin getdikcə pisləşdiyini sübut edir. Araşdırma nəticələrinə görə, 2020-ci ilədək okeanların orta vəziyyəti planetar təhlükəsizlik həddinə çox yaxınlaşıb və bəzi bölgələrdə artıq bu sərhəd keçilib.
Xüsusilə, dəniz suyundakı kalsium karbonatın səviyyəsi sənaye öncəsi dövrlə müqayisədə 20%-dən çox azalıb. Alimlər dənizin dərinliklərinə doğru enildikcə vəziyyətin daha da acınacaqlı olduğunu vurğulayıblar. Belə ki, səthdən 200 metr dərinlikdə yerləşən qlobal suların 60%-i artıq təhlükəsiz sayılan sərhədi aşıb.
Plimut Dəniz Laboratoriyasının professoru və Qlobal Okean Turşulaşması Müşahidə Şəbəkəsinin həmsədri Stiv Widdicombe qeyd edib:
“Okeanların turşulaşması sadəcə bir ekoloji böhran deyil, həm də dəniz ekosistemləri və sahil iqtisadiyyatları üçün saatlı bombadır”.
Bu araşdırma, okeanların qorunması üçün qlobal tədbirlərin təxirə salınmadan həyata keçirilməsinin zəruriliyini bir daha gündəmə gətirib.
Mədinə Cəlilova
00:00 10.06.2025
Oxunuş sayı: 675