Keçmiş FBI direktoru Donald Trampa sui-qəsd imasında ittiham olunur

ABŞ-nin keçmiş Federal Təhqiqatlar Bürosu (FBI) direktoru Ceyms Komey sosial şəbəkədə paylaşıb sonradan sildiyi bir fotoşəkilə görə Donald Trampa qarşı sui-qəsd imasında bulunmaqda ittiham edilir. ABŞ Gizli Xidməti tərəfindən dindirilən Komeyin, dəniz kənarında qabıqlarla yazılmış “8647” rəqəmini paylaşması mübahisələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, sosial mediada və ABŞ mətbuatında yayılan fərziyyələrə görə, bu rəqəmlərdəki “86” amerikalı argo dilində “yox etmək”, “öldürmək” və ya “ləğv etmək” mənası daşıyır. “47” isə hazırda ABŞ-nin 47-ci prezidenti olan Donald Trampı simvolizə edir. Beləliklə, bəzi müşahidəçilərə görə “8647” kodlaşdırması Trampa qarşı sui-qəsd çağırışı kimi şərh olunub.
Donald Tramp Fox News-a verdiyi açıqlamada paylaşımı “açıq şəkildə sui-qəsd mesajı” adlandırıb:
“İki dəfə sui-qəsd cəhdindən sağ çıxmışam. Bu, birbaşa məni öldürmək çağırışıdır. Bu mesaj çox aydındır”.
James Comey isə ittihamları rədd edib. O, paylaşdığı fotoşəkilin təsadüfi olduğunu, sahildə gəzişərkən həmin qabıqları gördüyünü və bunun siyasi mesaj kimi yozulacağını düşünmədiyini bildirib.
Bu hadisə ABŞ-də simvollar və rəqəmlər üzərindən verilən mesajların siyasi atmosferdə necə şərh edildiyini bir daha gündəmə gətirib. Mətbuat xatırladır ki, daha öncə bəzi Respublikaçılar da prezident Co Baydenə qarşı “8646” yazılı köynəklərlə çıxış edərək 46-cı prezidentin vəzifədən alınmasına eyham vurmuşdular.
ABŞ mətbuatı bu hadisəni ölkədə artan siyasi gərginlik və qütbləşmənin əlaməti kimi dəyərləndirir. Hazırda “8647” paylaşımının hüquqi və siyasi nəticələrinin nə olacağı diqqətlə izlənilir.
Mədinə Cəlilova
23:20 09.06.2025
Oxunuş sayı: 542