ABŞ-də etirazçılarla polislər arasında qarşıdurma pik həddə çatıb - FOTO




ABŞ-nin Kaliforniya ştatında miqrantların kütləvi saxlanılmasına qarşı keçirilən etirazlar artıq üçüncü gündür davam edir.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Los-Anceles və San-Fransiskoda baş verən aksiyalar zorakılıq, qarşıdurma və dağıntılarla müşayiət olunur.
Etirazların səbəbi və gedişatı:
İyunun 6-da Los-Ancelesdə qanunsuz miqrantların genişmiqyaslı saxlanmasına başlanılıb. Növbəti günə qədər 44 nəfər miqrasiya qanunvericiliyinin pozulmasına görə tutulub. Bu tədbirlər şəhərdə geniş ictimai narazılığa səbəb olub.
CBS-in məlumatına görə, etirazçılar yolları bağlayıb, hüquq-mühafizə orqanlarına fişəng və daş atıblar. Beş avtomobil yandırılıb, bir sıra mağazalar talan edilib. Polis Los-Ancelesdə azı 56 nəfəri saxlayıb.
San-Fransiskoda da etirazlar genişlənib. Polis bəzi nümayişçilərin aqressiv davrandığını, vandalizm aktlarına yol verdiyini və əmlaka ciddi ziyan vurduğunu bildirib. Toplaşma qeyri-qanuni elan edilsə də, iştirakçılar ərazini tərk etməkdən imtina ediblər.
İyunun 8-də isə 60 nəfər saxlanılıb. İki polis əməkdaşı xəsarət alıb.
Etirazlar zamanı inzibati binalar və patrul avtomobillərinə də ziyan dəyib.
Rəsmi mövqe və federal müdaxilə
Ağ Evin administrasiya rəhbərinin müavini Stiven Miller baş verənləri “üsyan” adlandırıb və Los-Anceles polisinin miqrantların deportasiyasında iştirakdan imtinasını kəskin şəkildə tənqid edib.
ABŞ Prezidenti Donald Tramp Kaliforniya rəhbərliyini kənarda qoyaraq şəhərə 2 000 nəfərlik Milli Qvardiya qüvvəsinin göndərilməsi barədə göstəriş verib.
İyunun 8-də səhərdən etibarən qvardiyaçılar əraziyə daxil olmağa başlayıb, onların sayı artıq 300 nəfəri keçib.
Tramp müdafiə naziri Pit Hegseth, baş prokuror Pam Bondi və daxili təhlükəsizlik naziri Kristi Noemə Los-Ancelesdə baş verən iğtişaşların aradan qaldırılması üçün koordinasiyalı tədbirlər görməyi tapşırıb.
ABŞ lideri əlavə edib ki, əgər Kaliforniya rəhbərliyi vəziyyəti nəzarətə ala bilməsə, federal hökumət birbaşa müdaxilə edəcək.
Aybəniz Səfərova
21:47 09.06.2025
Oxunuş sayı: 736