Türkiyə XİN İsrailin müdaxilə etdiyi “Madleen” gəmisindəki vətəndaşlarla bağlı rəsmi açıqlama yayıb

Türkiyə XİN İsrailin müdaxilə etdiyi “Madleen” gəmisindəki vətəndaşlarla bağlı açıqlama yayıb.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, Nazirliyin məlumatına görə, Təl-Əvivdəki Türkiyə səfirliyi hadisə ilə bağlı prosesi diqqətlə izləyir və gəmidəki vətəndaşların sərbəst buraxılması üçün müvafiq tədbirlər həyata keçirir.
Diplomatik mənbələr bildiriblər ki, “Madleen” gəmisinin axşam saatlarında quruya çatacağı gözlənilir. Gəmi limana yan aldıqdan sonra Türkiyə vətəndaşlarına konsulluq dəstəyi göstəriləcək, onlarla görüş keçiriləcək və azadlıqlarının təmin olunması istiqamətində fəaliyyət davam etdiriləcək.
Nazirlik əlavə edib ki, gəmidəki vətəndaşların ailə üzvləri daimi şəkildə məlumatlandırılır və bütün proses şəffaf şəkildə aparılır.
Bəyanatda, həmçinin, Türkiyə tərəfinin gəmidə olan digər ölkə vətəndaşlarına dair də diplomatik kanallar vasitəsilə əlaqə saxladığı və beynəlxalq əməkdaşlıq çərçivəsində müvafiq addımlar atdığı vurğulanıb.
Hazırda vəziyyətin nəzarət altında olduğu və Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərin davam etdiyi qeyd olunub.
Aybəniz Səfərova
18:52 09.06.2025
Oxunuş sayı: 690