Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub

Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlar nəticəsində razılaşdırılmış hərbi əsir mübadiləsinin birinci mərhələsi həyata keçirilib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, mübadilə 25 yaşdan aşağı olan hərbçiləri əhatə edir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyənin vasitəçiliyi ilə İstanbulda baş tutan birbaşa danışıqlar nəticəsində 25 yaşdan aşağı olan ilk rus hərbçiləri Ukraynadan geri qaytarılıb.
Nazirlik qeyd edib ki, bu hərbçilərin müqabilində təxminən eyni sayda Ukrayna Silahlı Qüvvələrinin əsiri Kiyevə təhvil verilib.
Rusiya tərəfi açıqlamasında əsirlərin hazırda Belarus ərazisində olduğunu, onlara psixoloji və tibbi yardım göstərildiyini bildirib. Nazirlik, müalicə və reabilitasiya üçün hərbçilərin Rusiyaya gətiriləcəyini də vurğulayıb. Bununla belə, mübadiləyə cəlb olunan əsgərlərin sayı barədə məlumat açıqlanmayıb.
Aybəniz Səfərova
18:39 09.06.2025
Oxunuş sayı: 848