Qidadan zəhərlənmə halları artır: AQTA rəsmisi Crossmedia.az-a danışdı

Naxçıvanda dönərdən qaynaqlanan kütləvi zəhərlənmə hadisəsi cəmiyyət arasında ciddi narahatlıq yaradıb. Bu kimi hallarda qida təhlükəsizliyi standartlarına əməl olunmaması, xüsusilə dönərin hazırlanması və saxlanması zamanı sanitar normalara riayət edilməməsi əsas səbəblərdən biri kimi göstərilir.
Ümumiyyətlə, son zamanlar qidadan zəhərlənmə halları artıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimov bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, son dövrlər ərzaq məhsullarının üzərində istehsalçılar tərəfindən yazılan bəzi ifadələr istehlakçını yanlış yönləndirə bilər. O bildirib ki, xüsusilə “təbii”, “sağlam”, “əlavəsiz” kimi ifadələrin çox zaman məhsulun real tərkibini əks etdirmədiyi müşahidə olunur: "Məhsulların üzərində bu cür təqdimatlar onların içərisində heç bir süni maddə, konservant və ya əlavə olunmuş maddə olmadığı təəssüratını yaradır. Halbuki, praktiki olaraq bir çox belə məhsulda həmin komponentlərə rast gəlinir. “Təbii məhsul" kimi təqdim edilən qidaların bəzilərində süni dadlandırıcılar və rəngləndiricilər aşkarlanır.
İ.Kərimovun fikrincə, istehlakçılar məhsul alarkən yalnız üzərindəki cəlbedici yazılara deyil, eyni zamanda onun tərkib hissələrinə də diqqət yetirməlidirlər: "Məhsul etiketlərində yazılanlar daha şəffaf və aydın olmalı, istehlakçıda şübhə doğurmamalıdır. Bəzi hallarda tərkibində konservant və digər süni əlavələr olan məhsullar da “təzə hazırlanmış”, “ev üsulu ilə hazırlanmış” kimi təqdim olunur. Bu isə həm istehlakçının aldanmasına, həm də sağlamlıqla bağlı risklərin yaranmasına səbəb ola bilər. “Etiketlərdə qeyd olunan məlumatların dəqiqliyi istehlakçının seçimində əsas meyardır və bu məsələdə məsuliyyət yalnız istehsalçının deyil, həm də nəzarətedici qurumların üzərinə düşür".
Qurum rəsmisi vurğulayıb ki, bu sahədə həm maarifləndirmə işi gücləndirilməli, həm də nəzarətedici qurumlar daha ciddi yoxlamalar aparmalıdır. O, eyni zamanda qeyd edib ki, beynəlxalq standartlara uyğun etiketləmə və düzgün təqdimat sistemi tətbiq edilməlidir ki, istehlakçılar aldadılmasın və sağlam seçim edə bilsinlər.
Fatimə Nəbiyeva
15:30 09.06.2025
Oxunuş sayı: 884