Politoloq: "Mərkəzi Asya dövlətləri bir - bir Qərbə inteqrasiya edəcəklər"

Qazaxıstan hökumətinin verdiyi məlumata görə, bu ölkə ilə Böyük Britaniya arasında əməkdaşlıq sənədi imzalanıb. Görüş zamanı tərəflər əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Qarşılıqlı fəaliyyətin əsas istiqamətləri sülhməramlı fəaliyyət, dil hazırlığı və Qazaxıstan hərbçilərinin Böyük Britaniyanın ali təhsil müəssisələrində hazırlanması kimi müəyyən edilib. Sənəd 2025-2026-cı illəri əhatə edir və iki dövlətin müdafiə strukturları arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Maraqlısı budur ki, Qazaxıstanın bu cür müstəqil xarici siyasət yeritməsi Rusiya və son zamanlar Qazaxıstanı maraq dairəsində saxlayan Çin tərəfindən neçə qarşılanacaq?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib:
“Rəsmi Astana uzun müddətdir ki, müstəqil xarici siyasət həyata keçirir. Bir neçə Mərkəzi Asiya dövləti ilə bərabər Avropaya inteqrasiya etməyə başlayıb. Həmçinin Qazaxıstan artıq regionda Avropa ilə əməkdaşlıq edən xüsusi dövlətlərdən birinə çevrilib. Ümumilikdə Qərb dünyası son zamanlar Mərkəzi Asiyaya çox maraq göstərir. Onlar Qazaxıstanla əməkdaşlığa xüsusi diqqət yetirirlər. Buna görə də Astana və London arasında imzalanmış saziş, şübhəsiz ki, gələcəkdə daha da inkişaf edərək geniş sahələri əhatə edəcək. Ancaq yaradılan bu əməkdaşlıq Rusiyanın maraqlarına cavab vermir. Rusiyanın bu məsələyə necə reaksiya verəcəyi də ayrı məsələdir. Həmçinin Çinin də məsələyə necə baxacağı maraq doğurur. Çünki Çinin Qazaxıstandakı mövqeləri çox güclüdür və son zamanlar buradakı mövqeyinə daha çox diqqət ayırır".
Müsahibimizin sözlərinə görə, Qazaxıstanın Qərblə xüsusi əməkdaşlığa getməsinin bir səbəbi də ölkə prezidenti Kasım- Jomərt Tokayevin Qərb ölkələrini yaxından tanımasından irəli gəlir: "Məlum olduğu kimi Tokayev uzun müddət BMT baş katibinin müavini vəzifəsində çalışıb, daha sonra Nursultan Nazarbayev tərəfindən Qazaxıstana dəvət oldunub, Qazaxıstanda da bir sıra yüksək vəzifələr tutduqdan sonra prezident olub. Düşünürəm ki, zaman keçdikcə digər Mərkəzi Asiya dövlətləri də Avropaya inteqrasiya edəcək”.
Ayhan Ağarzayev
13:02 09.06.2025
Oxunuş sayı: 1256