Ermənistan DİN: Paşinyanın avtomobil karvanının qəza ilə əlaqəsi yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil karvanının Zəngəzurdan qayıdarkən Armaş kəndi ərazisində qəza törətməsi ilə bağlı yayılan məlumatlara daxili işlər nazirliyi (DİN) münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı xəbərə əsasən, karvan yolun kənarında gedən sakin Şahnazaryan Yurikə çırpılıb. Nəticədə o, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Hadisə nəticəsində Paşinyanın mühafizəçilərindən bəzilərinin də xəsarət aldığı iddia olunub.
Ermənistan DİN yayılan məlumatları təkzib edərək bildirib ki, Paşinyanın karvanının hadisə ilə heç bir əlaqəsi yoxdur. Nazirliyin yaydığı rəsmi açıqlamada vurğulanıb ki, hadisə Ağrı vilayətində qeydə alınıb və baş nazirin avtomobil karvanı qəzanın iştirakçısı olmayıb.
Rəsmi məlumata görə, Patrul Xidmətinin növbətçi qrupu hərəkətdə olarkən mobil telefondan istifadə edən “Nissan” markalı avtomobili saxlayıb. Bu zaman VAZ markalı digər avtomobil qəza vəziyyəti yaradıb və nəticədə “Hyundai” markalı avtomobil əvvəlcə VAZ-la, daha sonra isə yolun kənarında dayanan patrul avtomobili ilə toqquşub.
DİN bildirib ki, yayılan xəbərlər reallığı əks etdirmir və təsdiqlənməmiş məlumatların yayılmaması tövsiyə olunur.
Qeyd edək ki, bu, Paşinyanın karvanı ilə bağlı yayılan ilk qəza xəbəri deyil. Bir neçə il əvvəl baş verən başqa bir insident zamanı karvan hamilə Sona Mnatsakanyanı vurmuş və nəticədə qadın həyatını itirmişdi.
Mədinə Cəlilova
23:55 08.06.2025
Oxunuş sayı: 601