İsrail hökuməti baş prokurorun vəzifədən alınmasının yolunu açdı

İsrail Nazirlər Kabineti Baş prokuror Gali Baharav-Miaranın müstəqil təyinat komitəsi kənarda saxlanılaraq vəzifədən alınmasına imkan verən təklifi təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, “The Jerusalem Post” qəzetinin xəbərinə görə, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət, baş prokuror Miaranın vəzifədən alınmasına şərait yaradacaq təklifi qəbul edib. Ədliyyə naziri Yariv Levin tərəfindən təqdim edilən bu təklif bu səhər keçirilən kabinet səsverməsində qəbul olunub.
İsrail mediası bildirib ki, yeni təkliflə baş prokurorun vəzifədən alınmasını qiymətləndirəcək müstəqil komitənin yerinə, Levinin təyin etdiyi nazirlərdən ibarət yeni komitə fəaliyyət göstərəcək. Bu komitəyə Diaspor məsələləri naziri Amichai Chikli rəhbərlik edəcək. Komitənin digər üzvləri isə maliyyə naziri Bezalel Smotrik milli təhlükəsizlik naziri Itamar Ben-Gvir, elm və texnologiya naziri Gila Gamliel və dini xidmətlər naziri Michael Malkieli olacaq.
Komitə Baş prokuror Miaranın vəzifədən alınması ilə bağlı qərar hazırlayacaq və bu qərar hökumətin ümumi iclasında səsə qoyulacaq.
Ədliyyə naziri Levin bu dəyişikliyin səbəbi kimi, Baş prokuror Miaranın davranışlarının hökumətin müəyyən strukturlarının fəaliyyətini “iflic etdiyini” göstərib.
Hazırda kənarda saxlanılan müstəqil təyinat komitəsinə təqaüddə olan İsrail Ali Məhkəməsi hakimi rəhbərlik edir. Komitənin digər üzvləri isə İsrail Vəkillər Kollegiyası tərəfindən seçilmiş bir hüquqşünas, universitetlərin hüquq fakültəsi dekanlarının təyin etdiyi bir akademik, hökumətin təyin etdiyi sabiq ədliyyə naziri və ya baş prokuror və parlamentin konstitusiya komitəsi tərəfindən seçilmiş bir deputatdan ibarətdir.
2000-ci ildə qəbul edilən qərara əsasən, İsrail hökuməti baş prokurorun yalnız müstəqil təyinat komitəsinin tövsiyəsi ilə təyin olunması və ya vəzifədən alınmasını şərt qoymuşdu.
İsrail Baş prokurorunun müavini Gil Limon isə kabinet iclasından əvvəl təqdim etdiyi hüquqi rəydə Levinin təklifinin qanunsuz olduğunu və Ali Ədalət Məhkəməsinin presedentləri ilə ziddiyyət təşkil etdiyini bildirib. Rəydə qeyd olunub ki, müstəqil təyinat komitəsinin kənara qoyularaq vəzifədən alma prosesinin aparılması Baş prokurorluq institutunu “siyasallaşdıracaq” və onu hökumətdən asılı hala salacaq.
Uzun müddətdir Netanyahunun onu vəzifədən almaq istədiyi bilinən Gali Baharav-Miara, baş nazirin rəhbərlik etdiyi sağçı hökumətin Qəzzaya hücumları bəhanə edərək ölkədə sürətli rejim dəyişikliyi apardığını söyləmişdi.
Miara bildirib: “İsraildə rejim dəyişikliyi böyük sürətlə irəliləyir. Qanunların pozulması və hüquqa meydan oxuma artıq konkret hal alıb. İsrail rejimi gözlərimizin önündə narahatedici sürətlə dəyişir. Bu dəyişikliyin əsas hədəfi məhz məhkəmə sistemində demokratik institutların zəiflədilməsidir”.
Mədinə Cəlilova
03:00 09.06.2025
Oxunuş sayı: 717