Marsda həyat başlayır? Alimlərdən Qırmızı planetə yaşıl həyat planı

Alimlərə görə Mars üçün hazırlanmış yeni mühəndislik planı, yaxın gələcəkdə mikroskopik həyat formalarının yaranmasına, uzaq gələcəkdə isə planetdə insan şəhərlərinin qurulmasına yol aça bilər.
Crossmedia.az xəbər verir ki, “Nature Astronomy” jurnalında dərc olunan məqalədə mütəxəssislərdən ibarət bir qrup Marsı “yaşama uyğun bir planetə çevirmək” üçün jeomühəndislik üsullarının istifadəsini dəstəklədiklərini bildirib. Araşdırma bu məqsədə çatmaq üçün yol xəritəsi təqdim edir.
Tədqiqatın baş müəllifi Pioneer Labs şirkətinin baş direktoru Erica DeBenectintis bildirib ki, “30 il əvvəl Marsı çevirmək yalnız çətin deyil, həm də qeyri-mümkün hesab olunurdu. Lakin SpaceX-in Starship kosmik gəmisi və sintetik biologiya kimi yeni texnologiyalar bu ideyanı reallığa çevirə bilər”.
Araşdırmada həmçinin bu prosesin etik tərəfləri də ətraflı şəkildə müzakirə olunub və mümkün bir plan təqdim edilib.
Çikaqo Universitetinin dosenti, tədqiqat qrupunun üzvü Edwin Kitə görə, tam planetar transformasiya yüz illər ala bilər. Lakin uzunmüddətli məqsəd Mars səthində sabit su mənbələri nəfəs almağa yararlı oksigen və inkişaf edən bir ekosistem yaratmaqdır. Qısa müddətdə bu yalnız mikrobik həyat formalarının yaradılması demək ola bilər, lakin gələcəkdə Marsda insan şəhərlərinin inşası da mümkündür.
Kite deyir: “Qalaktikanın dərinliklərinə doğru irəlilədikcə əsas düşərgələrə ehtiyacımız olacaq və qalaktika miqyasında belə bir düşərgə yaşamaq üçün yararlı planet ola bilər”.
Tədqiqatda iştirak edən, Harvard Universitetinin Ətraf Mühit və Planet Elmləri professoru Robin Wordswort isə Marsın çevrilməsi ideyasının yalnız insan koloniyalarına deyil, ümumilikdə həyatın yayılmasına xidmət etdiyini bildirib.
Wordswort: “Mən insanlığı biosferin bir hissəsi kimi görürəm, ondan ayrı deyil. Bildiyimiz qədərilə kainatda həyat yalnız Yer kürəsində mövcuddur və bu həyatı qorumaqla yanaşı, digər dünyalara da yaymaq bizim vəzifəmizdir”, – deyə əlavə edib.
Alimlər Marsın transformasiyasının eyni zamanda Yer kürəsində iqlim və davamlılıqla bağlı problemlərin həllinə də kömək edə biləcəyini vurğulayır.
Los Alamos Milli Laboratoriyasında planet alim olan və tədqiqatda iştirak edən Nina Lanza Marsı planet mühəndisliyi üçün mühüm sınaq sahəsi kimi dəyərləndirir.
DeBenectintis isə qeyd edib: “Xüsusilə Yer kürəsində yaşıl texnologiyaların inkişafı və tətbiqi tez-tez uğursuz olur. Bunun səbəbi, onilliklər ərzində qurulmuş infrastruktur və maraq qruplarının dəstəklədiyi çirkli alternativlərlə rəqabət aparmaq məcburiyyətidir. Mars isə nefti, mövcud infrastrukturu və sabit vəziyyəti olmayan bənzərsiz bir hədəf bazarıdır. Bu səbəbdən kosmos üçün yaşıl texnologiyaların inkişafı, onları Yer üçün yetkinləşdirmək baxımından güclü bir strategiyadır”.
Mədinə Cəlilova
01:00 09.06.2025
Oxunuş sayı: 619