İsrailli yazıçı: “Netanyahunun müharibə strategiyası İsraili iflasa aparır”

İsrailli tanınmış yazıçı və analitik Ben Dror Yemini, baş nazir Benyamin Netanyahu və onun ifrat sağçı müttəfiqləri – milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçin yürütdüyü müharibə strategiyasının ölkəni iflasa sürüklədiyini bildirib.
Crossmedia.az-ın xəbərinə görə, Yemini “Yediot Ahronot” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, “İsrail ordusu Qəzza bataqlığında ilişib qalıb, əsgərlər isə atış poliqonundakı ördəklər kimi hədəfə çevrilib”.
O, yazısında adını açıqlamadığı bir əsgərin sözlərinə də yer verib:
“Daha çox fələstinlinin öldürülməsi İsrailin mövqeyini yaxşılaşdırmayacaq. Əksinə, siyasi zərər hərbi faydadan daha böyükdür”.
Yemini vurğulayıb ki, Netanyahu və tərəfdaşları HƏMAS-ı məhv etmək məqsədilə başladığı müharibə ilə İsraili çıxılmaz vəziyyətə salıblar: “HƏMAS hələ də tamamilə ortadan qaldırılmayıb və ahtapot kimi fəaliyyətini davam etdirir. İndi o, partizan döyüşü aparan təşkilata çevrilib. Bu isə təşkilat üzvlərinin gizləndiyi, İsrail əsgərlərinin isə açıq hədəfə çevrildiyi balanssız vəziyyət yaradıb”.
Yemini, həmçinin Misirin Qəzzanın yenidən qurulması üçün təklif etdiyi plana diqqət çəkib.
Onun sözlərinə görə, 5 illik müddəti və 53 milyard dollarlıq büdcəsi olan bu plana əsasən bölgədə texnokrat hökumət qurulmalı və ərəb ölkələrinin sülh qüvvələri yerləşdirilməlidir. Plan müharibənin dayandırılması və bütün məhbusların azad edilməsini də nəzərdə tutur.
Yazıçı Misirin təşəbbüsünü yüksək qiymətləndirərək vurğulayıb ki, İsrailin hazırkı siyasəti bu planın əvəzinə Qəzzada uzunmüddətli və dağıdıcı partizan müharibəsinə səbəb olur.
Bundan əlavə, Yemini, ABŞ və İsrailin Misirin planına qarşı çıxdığını, bunun əvəzinə ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan Misir və İordaniyaya köçünü nəzərdə tutan ideyasını dəstəklədiyini vurğulayıb.
Lakin bu plana Misir, İordaniya, digər ərəb ölkələri və beynəlxalq təşkilatlar açıq şəkildə etiraz edirlər.
Aybəniz Səfərova
14:11 08.06.2025
Oxunuş sayı: 879