ABŞ mediası digər Qərb ölkələrini tənqid etdi: “İsrailə təzyiq regionu təhlükəyə atır”

ABŞ mediası Fransa və digər Qərb ölkələrinin İsrailə qarşı təzyiq siyasətini tənqid edib.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin nüfuzlu “Townhall” portalı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu fonunda Fransa, Böyük Britaniya və Kanadanın Təl-Əvivə yönəltdiyi təzyiqləri kəskin şəkildə pisləyib.
Məqalədə qeyd olunur ki, İsrail öz vətəndaşlarını müdafiə edir, lakin bəzi Qərb ölkələri müttəfiqlərinə dəstək vermək əvəzinə sanksiyalar tətbiq edir, ticarət əlaqələrini dayandırır və beynəlxalq təşkilatlara arxalanırlar.
Xüsusilə Fransa Prezidenti Emmanuel Makronun daxili siyasi nüfuzunu bərpa etmək məqsədilə radikal rejimlər və islamist qruplarla kompromislərə getdiyi, real təhlükələrə qarşı mövqeyini yumşaltdığı vurğulanır. Yazıda Fransanın humanitar dəyərlər və insan hüquqları mövzusundakı nüfuzunun zəiflədiyi bildirilir.
Məqalədə həmçinin, bu siyasətin Avraam razılaşmaları çərçivəsində Yaxın Şərqdə əldə olunmuş kövrək sabitliyi ciddi şəkildə risk altına qoyduğu qeyd edilir.
ABŞ və müttəfiqlərinin İsraili təcrid etmək əvəzinə, tarixi razılaşmaların əhatə dairəsini genişləndirmələri zəruri hesab olunur.
Eyni zamanda, Azərbaycanın regiondakı strateji əhəmiyyəti xüsusi vurğulanır: İsrailin müttəfiqi olan Azərbaycan, İran, Türkiyə və Rusiya ilə həmsərhəd olması səbəbindən regional təhlükəsizliyin təminatında mühüm rol oynayır və bu ölkənin danışıqlara cəlb edilməsinin ABŞ və müttəfiqlərinin maraqlarına uyğun olduğu bildirilir.
Aybəniz Səfərova
21:22 06.06.2025
Oxunuş sayı: 950