Qaqauziya rəhbəri: “Rusiya ilə münasibətləri dəstəklədiyim üçün mühakimə olunuram”

Moldovanın Qaqauziya Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul iyunun 6-da növbəti dəfə məhkəmə qarşısına çıxarılıb.
Crossmedia.az xəbər verir ki, o, TASS-a açıqlamasında prosesi nümayişkaranə və siyasi sifarişli məhkəmə işi adlandırıb.
Qutsulun sözlərinə görə, ona qarşı yeni ittihamlar elan edilsə də, onların məzmunu ilə tanış olmaq imkanı verilməyib. Buna baxmayaraq, məhkəmə prosesi artıq tərəflərin debat mərhələsinə keçib.
“Məni Qaqauziya rəhbəri olduğum üçün mühakimə edirlər. Bu siyasi təzyiqdir. İttihamlar isə əsasən istintaqla əməkdaşlıq edən şəxslərin ifadələrinə əsaslanır”, – deyə o bildirib.
Qutsul həmçinin qeyd edib ki, Moldova prokurorlarının ölkəyə guya 42 milyon ley gətirməsinə dair irəli sürdüyü ittihamların əsassız olduğunu düşünür: “Bu vəsaitin ölkəyə daxil olması ilə bağlı hər hansı iştirakımı qəti şəkildə inkar edirəm”.
O, məhkəmədə iştirak edən hökumətyönlü KİV-lərin prosesi təhrif olunmuş şəkildə təqdim etdiyini də vurğulayıb. Onun sözlərinə görə, özü və birlikdə mühakimə olunan müxalif "Qələbə" blokunun fəalı Svetlana Popan müdafiə hüququndan faktiki olaraq məhrum ediliblər.
“Mənim günahım yalnız ondan ibarətdir ki, Rusiya ilə münasibətlərin bərpasını dəstəkləyirəm. Bu isə hazırkı qərbyönlü hökumət üçün qəbuledilməzdir”, – deyə Qutsul əlavə edib.
Qeyd edək ki, Y.Qutsul Rusiyaya yaxın mövqeyi ilə tanınır və onun fəaliyyəti Moldova hökuməti ilə tez-tez siyasi gərginliklərə səbəb olur.
18:58 06.06.2025
Oxunuş sayı: 770