BMT: Qəzzada hər üç nəfərdən biri didərgin düşüb

Qəzza zolağında yaşayan hər üç nəfərdən biri – 640 mindən çox insan – İsrailin hərbi əməliyyatları nəticəsində məcburi köçkünə çevrilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) məlumat yayıb.
Qurumun məlumatına görə, mart ayında atəşkəsin başa çatmasının ardından İsrail ordusu ən azı 35 dəfə əhalinin yerdəyişməsi ilə bağlı əmr verib.
Sonuncu belə göstəriş iyunun 4-də elan edilib və Şimali Qəzza, Qəzza şəhəri və Deyr əl-Bələh qubernatorluqlarında yerləşən 54 rayonu əhatə edib.
OCHA qeyd edir ki, bu ərazilər Qəzza zolağının təxminən üçdə birini təşkil edir və burada ikinci dəfədir kütləvi yerdəyişmə əmrləri verilir. Agentlik həmçinin xəbərdarlıq edir ki, artan zorakılıq və fasiləsiz hava zərbələri humanitar fəlakətin dərinləşməsinə səbəb olur.
Xatırladaq ki, martın 18-də İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyatları bərpa edərək, yanvar ayında əldə edilmiş atəşkəs razılaşmasını pozub. Həmas hərəkatı ilə İsrail arasında Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar nəticə verməyib və tərəflər arasında yeni atəşkəs razılaşması əldə olunmayıb.
03:15 06.06.2025
Oxunuş sayı: 1118