Aİ Ukrayna üçün rüsumsuz ticarəti dayandırdı

Avropa İttifaqının Ukrayna üçün tətbiq etdiyi rüsumsuz ticarət rejimi bu gün – iyunun 5-də başa çatır. Yeni mərhələdə Kiyev-Brüssel iqtisadi əlaqələrində qeyri-müəyyənlik və danışıqlar mərhələsi başlayır.
Crossmedia.az xəbər verir ki, 2022-ci ildən etibarən tətbiq olunan Avtonom Ticarət Tədbirləri (ATM) Ukrayna məhsullarının, xüsusilə kənd təsərrüfatı ixracının Avropa bazarına rüsumsuz çıxışını təmin edirdi. Bu çərçivədə bütün tariflər və kvotalar ləğv edilmişdi. Lakin proqramın müddəti başa çatır və artıq ikinci dəfə uzadıla bilməz.
Vəziyyətə münasibət bildirən Ukraynanın kənd təsərrüfatı naziri Vitali Koval Brüsseldəki səfəri zamanı bildirib ki, ölkə əhalisinin beşdə biri bu sahədə çalışır və sektorun durumu birbaşa milli gəlirə təsir göstərir. Deputat Yevheniya Kravçuk isə qeyd edib: “Ukraynalı şirkətlər bazarlarını Aİ-yə çeviriblər. İxrac azalarsa, ordumuzu maliyyələşdirən vergi gəlirləri də azalacaq”.
Məlumata görə, Avropa Komissiyası tarif azadlığının qəfil ləğv edilməsinin təsirini azaltmaq üçün müvəqqəti tədbirlər hazırlayıb. Lakin bu tədbirlərin təfərrüatları hələ açıqlanmayıb. Eyni zamanda, Aİ və Ukrayna arasında Dərin və Hərtərəfli Azad Ticarət Zonası (DCFTA) çərçivəsində yeni saziş üzrə danışıqlar başlanıb.
Ukrayna rəsmilərinə görə, rüsumsuz rejimin dayandırılması ölkəyə illik 3 milyard avro ixrac gəliri itkisi yaşada bilər. Hazırda Aİ Ukrayna ixracının 60 faizini təşkil edir və bu bazara çıxış müharibə dövründə ölkənin iqtisadi sabitliyinin əsas dayağı sayılır.
Zəhra Ağayeva
11:12 05.06.2025
Oxunuş sayı: 4277