Zelenski: Dörd tərəfli görüşə hazırıq

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin vasitəçiliyi ilə keçirilə biləcək dörd tərəfli görüşə hazır olduqlarını bəyan edib. Onun sözlərinə görə, bu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və o özü iştirak edə bilər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Prezident Zelenski bu barədə verdiyi son müsahibəsində danışıb. O bildirib ki, Ankaranın təşəbbüsü ilə belə bir formatda görüşün təşkili nəzərdə tutulur. Zelenski qeyd edib ki, Ukrayna tərəfi bu cür diplomatik təşəbbüsləri dəstəkləyir və bu danışıqlara açıqdır. “Prezident Ərdoğan belə bir görüşün keçirilməsini istəyib. Biz isə öz növbəmizdə istənilən gün bu görüşə hazırıq” – deyə o bildirib.
Zelenskinin sözlərinə görə, bu formatda görüşün keçirilməsi münaqişənin həlli yollarının müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edə bilər. O, mümkün danışıqların regionda sülhə nail olmaq üçün yeni imkanlar aça biləcəyini vurğulayıb. Eyni zamanda, ABŞ və Rusiya kimi qlobal güclərin iştirakı ilə aparılacaq dialoqun daha təsirli nəticələr verə biləcəyinə ümid etdiyini ifadə edib.
Görüşün konkret vaxtı və yeri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Lakin tərəflər arasında ilkin məsləhətləşmələrin aparıldığı ehtimal olunur. Ərdoğanın belə bir təşəbbüs irəli sürməsi isə Türkiyənin beynəlxalq vasitəçilik rolu oynamaq niyyətində olduğunu göstərir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında 2022-ci ildən davam edən müharibə bölgədə və dünyada ciddi siyasi və təhlükəsizlik problemləri yaradıb. Bu baxımdan, tərəflərin bir masa arxasında əyləşməsi regional və qlobal sabitlik üçün əhəmiyyətli addım kimi qiymətləndirilir.
Fatimə Nəbiyeva
09:34 05.06.2025
Oxunuş sayı: 945