Almaniyadan Qəzzaya məktub: “İsrailə silah ixracı dayandırılsın”

Almaniyada elm, mədəniyyət və vətəndaş cəmiyyəti sahələrində tanınmış şəxslər Almaniya hökumətinə müraciət edərək İsrailə silah satışının dayandırılmasını və Qəzza zolağına humanitar yardımın təmin olunmasını tələb ediblər.
Crossmedia.az xəbər verir ki, “Der Spiegel” jurnalının əldə etdiyi məlumata görə, məktub Hanau şəhərində 2020-ci ildə baş verən irqçi hücum zamanı qardaşını itirən və özü də yaralanan Səid Etris Haşemi tərəfindən qələmə alınıb. Məktubu 50 tanınmış şəxs imzalayıb. Onların arasında Amnesty International Almaniya bölməsinin baş katibi Yuliya Duxrov, Pro Asyl qurucusu Yurgen Mikş, aktyor Aksel Prahl, iqlim fəalı Luiza Noýbauer, sosioloq Harald Velzer, musiqiçi Mihael Barenboim və aktrisa Enissa Amani də yer alır.
Almaniya Kansleri Fridrix Mers, vitse-kansler Lars Klinqbayl və xarici işlər naziri Yoxann Vadefula ünvanlanan məktubda Almaniya hökumətinin İsrail siyasətində geri addım atması tələb olunub. Məktubda atəşkəs çağırışı ilə yanaşı, İsrailə silah ixracının yenidən qiymətləndirilməsi və Qəzzaya maneəsiz humanitar yardımın göstərilməsi istənilib.
Məktubda Almaniyanın Yaxın Şərq siyasəti sərt şəkildə tənqid edilib: “Qəzzada davam edən humanitar fəlakət və bu silahlı münaqişədə Almaniyanın rolu fonunda sizə dərin narahatlıqla müraciət edirik”. İmza atanlar Almaniyanı beynəlxalq hüquqa əsasən müharibə cinayətlərinin qarşısını almaq vəzifəsini yerinə yetirməməkdə ittiham ediblər.
Məktubda, 7 oktyabrdan bəri travma yaşayan yəhudilərə və girov ailələrinə də dəstək ifadə olunub. İmza sahibləri Almaniya hökumətindən beynəlxalq hüquqçuların tənqid etdiyi İsrailin qeyri-mütənasib hərbi əməliyyatlarına qarşı qəti mövqe ortaya qoymağı tələb ediblər.
Həmçinin Almaniyada keçirilən sorğulara istinad edilərək, əhalinin 80 faizinin İsrailin hücumlarını tənqid etdiyi, 60 faizinin isə İsrailə silah tədarükünə qarşı olduğu vurğulanıb. Məktubda Almaniya hökumətinə xarici siyasətini beynəlxalq hüquq və insan haqları prinsipləri ilə daha uyğunlaşdırmaq çağırışı yer alıb.
Mədinə Cəlilova
01:00 05.06.2025
Oxunuş sayı: 1191