"Çin ABŞ-ın təzyiqləri qarşısında güzəşt etmir” – politoloqdan açıqlama

ABŞ və Çin arasında münasibətlər son illərdə daha da mürəkkəbləşib. Bu münasibətlərdə ticarət müharibəsi, texnoloji rəqabət, Tayvan məsələsi və beynəlxalq təhlükəsizlik kimi başlıqlar əsas yer tutur.
Prezident Donald Trampın hakimiyyəti dövründə tərəflər arasında gərginlik artmış, qarşılıqlı ittihamlar və tarif müharibələri gündəmə gəlmişdi. Trampın son açıqlamasında Çin lideri ilə razılığa gəlməyin “olduqca çətin” olduğunu vurğulaması isə ABŞ–Çin münasibətlərində yaxın gələcəkdə yumşalma ehtimalını azaldır.
Politoloq Oqtay Qasımov bu mövzuyla bağlı Crossmedia.az-a Trampın bu bəyanatını şərh edərək bildirib ki, ABŞ danışıqlarda daha sərt və güzəştsiz mövqe sərgiləyir:
“Tramp öz çıxışlarında, o cümlədən Putinlə bağlı sərt ifadələrlə yanaşı, Çin lideri ilə razılığın nə qədər çətin olduğunu vurğulayıb. Çin isə bunun qarşılığında ABŞ-ın təzyiqlərinə qarşı öz mövqeyini qoruyub və güzəştə getməyib”.
Politoloqun sözlərinə görə, danışıqlar zamanı müəyyən texniki razılaşmalar əldə olunsa da – məsələn, tariflərin qismən azaldılması – əsas məsələlərdə tərəflər ortaq məxrəcə gələ bilməyiblər:
“Məsələn, ABŞ 45 faizdən 110 faizə qədər tarif tətbiq edib, Çin də öz növbəsində 125 faizdən 110 faizə endirim təklif edib. Lakin bu kimi addımlarla bütöv razılıq əldə olunmur,” – deyə o əlavə edib.
Oqtay Qasımov hesab edir ki, tərəflər arasında rəqabət və qarşılıqlı təzyiq uzun müddət davam edə bilər. ABŞ Çinə təzyiq göstərməklə öz mövqeyini gücləndirməyə çalışsa da, Çin bu təzyiqlərə qarşı sərt və adekvat cavab verir.
Zəhra Ağayeva
17:16 04.06.2025
Oxunuş sayı: 711