İqlim dəyişikliyi: Gecikmiş reaksiya, artan təhlükələr - alim açıqladı

İqlim dəyişiklikləri getdikcə daha böyük təhlükəyə çevrilir. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatına əsasən, qarşıdakı beş il ərzində qlobal temperatur artımı daha da yüksələcək. Belə ki, 2025-ci ildən 2029-cu ilə qədər olan dövr üçün hər ilin ortaillik temperaturunun sənaye öncəsi dövrə, yəni 1850–1900-cü illərə nisbətən 1,2–1,9 dərəcə Selsi yüksək olacağı gözlənilir. Bu isə iqlimlə bağlı risklərin artmasına və cəmiyyət, iqtisadiyyat, eləcə də inkişaf prosesinə mənfi təsirlərin güclənməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov ilk olaraq bildirib ki, iqlim dəyişmələri tarix boyunca mövcud olub və davamlı bir prosesdir, yəni yerin tarixində həmişə iqlim sistemində istiləşmə və soyuqlaşma dövrləri olub:
“Hətta Yer kürəsində sivilizasiya yaranmazdan əvvəl belə, bu dəyişikliklər baş verib. Belə ki, Yerdə heç bir şey daimi deyil, hər şey zamanla dəyişir. Atmosferə atılan istixana qazlarının miqdarı bu baxımdan bəzi tarixi–geoloji dövrlərdə isə bundan da çox olub. Azərbaycan ərazisində regional iqlim dəyişmələrinin təsirindən çoxillik normaya nisbətən (çoxillik norma ÜMT-nin təklif etdiyi 1961-ci ildən 1990-cı ilə kimi 30 illik dövrün orta çoxillik temperatur göstəriciləri qəbul edilir) regionlar üzrə, müxtəlif yüksəklik intervalları və temperatur və yağıntı dəyişmələri göstərir ki, Azərbaycanda çoxillik normaya nisbətən (norma 12,3°C) 2007 - 2023-cü illərdə orta çoxillik temperatur 13,5°C təşkil etmişdir. Yəni bu dövrdə temperatur artımı 1,2°C olub. Yağıntılar isə müvafiq dövrlər üçün (norma 482 mm) azalaraq 445 mm təşkil edib. Yəni 37 mm yağıntılarda azalma müşahidə edilib.
Fəsillər üzrə 2023-cü ildə bütün fəsillərdə orta fəsil temperaturlarının artmasına (qışda +2.1°C, yayda +2.0°C, payızda +1.4°C) baxmayaraq, yalnız yaz fəsilində artma müşahidə edilməyib. Hətta 2023-cü ildə orta fəsil yaz temperaturu normadan -1.8°C aşağı olub. Oxşar vəziyyət son 20 ilin yaz fəsli temperaturlarında da qeydə alınıb. Məlum olmuşdur ki, son 20 ildən bütün fəsillərdə orta fəsil temperaturlarının artmasına baxmayaraq, yalnız yaz fəsillərində temperaturlarda artım müşahidə edilmir. 2015-ci ildə iqlim dəyişikliyi ilə bağlı qəbul olunan Paris pratokolunda temperaturun çoxillik normadan 2 dərəcə həddində saxlanması üçün qərar qəbul edilib. Sonradan isə bu həddin çox olduğu nəzərə alınaraq onu 1.5 dərəcə həddində saxlanaq qərarına gəlinib. Lakin əsas məsələ onun endirilməsi yox, bu qərara əməl oluna bilməsidir. Hazırda dünyanın müxtəlif bölgələrində orta temperatur 1.1-1.2 dərəcə civarında götürülür. Bu rəqəmin 1.5 dərəcəni keçməməsi üçün tədbirlər planı Ümumdünya Meteorologiya Təşkilatının üzvü olan ölkələr tərəfindən hazırlanıb. 196 ölkə bu məsələdə alternativ enerji mənbələrindən istifadə etməklə və atmosferə atılan istixana qazlarını azaltmaq məqsədilə öhdəlik götürüb”.
Alimin sözlərinə görə, bildiyimiz kimi, məhz COP üzrə keçirilən tədbirlər bununla bağlı nəzarət mexanizminə əsas diqqət yetirməkdir:
“İqlim dəyişikliyi təkcə alimlərin yox, dünya dövlətlərinin, beynəlxalq təşkilatların və ümumilikdə dünya ictimaiyyətini narahat edən məsələdir. COP29 sammitində də orta çoxillik temperatur artımını 1.5 dərəcə həddində saxlamaq üçün tədbirlər görülüb. Lakin iqlim dəyişmələrinin ətraf mühitə təsiri o qədər qlobaldır ki, bu, təkcə temperatur artımı ilə məhdudlaşmır. Ümumdünya Meteorologiya Təşkilatının verdiyi məlumata görə, dünyada baş verən təbii fəlakətlərin 80-85%-i hidrometeoroloji proseslərlə bağlıdır. Bu göstərici son 30 il ərzində dəyişməz olaraq qalır və hələ də aktualdır. İqlim dəyişiklikləri su ehtiyatlarına birbaşa təsir göstərir. Azərbaycanın mövcud hidrometeoroloji şəraiti, xüsusən hər ilin yaz gursulu dövrünün axım proqnozu ETSN-nin Milli Hidrometeoroloji Xidmət İdarəsinin hazırladığı rəsmi məlumatlara əsasən qiymətləndirilir. Belə proqnozlar çay hövzələrində qış dövründə yığılmış dağlıq arazilərdə toplanan qar su ehtiyatlarına, aylıq və fəsillik meteoproqnozlara əsaslanır. Təhlillər göstərir ki, ölkə ərazisində birinci rübdə yağıntılar normanın 67%-ni (müqayisə üçün 2024-cü ildə normadan çox - 119% olub). 2025-ci ildə qar örtüyündə orta sululuq 28% olmuşdur ki, bu (2024-43,4%) çoxillik normanın cəminin 43.0%-ni təşkil edir. Gürcüstanın şimal-şərq hissəsində Kür çayının hövzəsində qar su ehtiyatı normanın 53%-ni təşkil etməklə, Kür və Araz çaylarının Türkiyə hissəsində olan hövzələrində qarın qalınlığı 2024-cü illə müqayisədə 98 sm az olub.Bununla belə, əsasən düşən yağıntıların hesabına cari ilin aprel ayının əvvəlində Kür çayının Azərbaycana daxil olan məntəqəsində (Quraq-Kasamen) orta su sərfi 517 m³ olmuşdur ki, bu da normanın 110%-ni təşkil edir. Bununla yanaşı, müvafiq olaraq Mingaçevir və Şəmkir su anbarlarında səviyyə 2024-cü ilə nisbətən 0.39 m və 0.42 m çox olub. Son 16 ildə Mingaçevir su anbarının səviyyəsi ilk dəfə olaraq ən yüksək (78.92 m) olub (layihə səviyyəsi 83.0 m). Oxşar vəziyyət Araz və Şəmkir su anbarlarında da müşahidə edilib. Xəzər dənizinin səviyyəsinin azalması, çay və göllərin su ehtiyatının tükənməsi, quraqlığın artması, sel və daşqınların baş verməsi iqlim dəyişikliyinin nəticələridir. Bu dəyişikliklər dünya iqtisadiyyatına, infrastrukturuna və insanların həyatına milyardlarla ziyan vurur.
Alimlər 1970-80-ci illərdən bu yana iqlim dəyişmələri barədə həyacan siqnalı çalırdılar, lakin həmin dövrdə dünya liderləri və beynəlxalq təşkilatlar bu çağırışlara lazımi diqqət ayırmırdılar. Mən öz tərəfimdən deyə bilərəm ki, alimlərin həyacan təbilinin zamanında eşidilməməsi iqlim dəyişikliklərinin bu gün daha geniş miqyasda hiss olunmasına səbəb olub. Dünya alimləri 1970-1980-ci illərdən bu yana iqlim dəyişmələri barədə həyacan siqnalı çalırdılar, lakin həmin dövrdə dünya liderləri və beynəlxalq təşkilatlar bu çağırışlara lazımi diqqət ayırmadılar. Məsələn, mən özüm 30 il bundan əvvəl ETSN nəzdində Hidrometeorologiya Elmi Tədqiqat İnstitutuna və Milli Hidrometeorologiya Departamentinə paralel olaraq rəhbərlik etdiyim dövrdə Azərbaycan üzrə aparılan tədqiqatlarda temperaturun çoxillik normadan 0.3-0.4 dərəcə artdığını deyəndə, bu zaman bunu dərk etməyənlər üçün bu rəqəm qeyri-adi səslənirdi. Onlar hesab edirdilər ki, " Temperaturda 0.3-0.4 dərəcə artım elə də böyük artım deyil. Axı, hava temperaturu bir gündə 10 dərəcə dəyişə bilər”. Bu belə deyil; iqlim norması, iqlim, hava temperaturu bunlar tamam başqadır. Burada söhbət havanın temperaturundan yox, çoxillik iqlim norması göstəricisindən gedir. O dövrdə iqlim dəyişmələrinə bağlı olaraq su ehtiyatlarının azalması ilə bağlı aparılan tədqiqatlar yalnız alimlərə bəlli idi. İndi isə bu mövzu qlobal müzakirəyə çevrilib. 1970-1980-ci illərdə alimlər dövlət başçılarına, beynəlxalq təşkilatlara və dünyanı idarə edən liderlərə müraciət edirdilər ki, iqlim dəyişmələri artıq başlayıb. Lakin bu xəbərdarlıqlara laqeyd yanaşılırdı. Yalnız problem bugünkü səviyyəyə çatdıqda, dövlət başçıları və beynəlxalq təşkilatlar məsələyə daha ciddi müdaxilə etməyə, öz vəzifə və vətəndaşlıq borclarını yerinə yetirməyə başlayıblar. Bu, sübut edir ki, alimlərin xəbərdarlıqlarına vaxtında reaksiya verilməli idi. Əgər bu məsələyə daha erkən diqqət yetirilsəydi, əminəm ki, bu gün orta çoxillik temperatur 1.1 dərəcə yox, 0.6-0.7 dərəcə ola bilərdi. Bu gün görülən tədbirlər bir növ xəstəliklə geçikmiş mübarizə aparmağa bənzəyir. Yəni bir var xəstəliyin ilkin mərhələsində onun qarşısını alasan, bir var, artıq orqanizmə geniş yayıldığı dövrdə qarşısını almağa çalışasan”.
Məlumdur ki, iqlim dəyişmələrinə həm təbii amillər, həm də insan fəaliyyəti təsir göstərir:
“Biz təbii amillərin — Günəşdə gedən proseslər, Yerin orbitindəki dəyişikliklər, vulkan püskürmələri — təsirini ancaq elmi cəhətdən öyrənə və proqnozlaşdıraraq onun yaratdığı zərəri minimuma endirə bilərik. Ancaq antropogen təsirləri qərarla azalda bilərik. Məhz, iqlim dəyişmələrinə görə hər il keçirilən COP tədbirləri bu məsələlərin həllinə yönəlmiş belə tədbirlərdir. Həmin tədbirlər sayəsində beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin vacibliyi ön plana çıxarılır. Çin, ABŞ və Rusiya kimi böyük dövlətlərin bu məsələyə fərqli yanaşmaları olsa da, iqlim problemi qlobal səviyyədə vahid bir atmosferə təsir göstərir. Çin, ABŞ və Rusiya istixana qazlarını fərqli üsullarla atmosferə buraxır, hərəsinin isə öz öhdəlikləri yoxdur. Bu baxımdan, iqlim dəyişmələrinə qarşı effektiv mübarizə aparmaq üçün bütün ölkələrin birgə əməkdaşlığı və koordinasiyası vacibdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində alternativ enerji mənbələrindən istifadə və antropogen təsirlərin azaldılması iqlim dəyişmələrinə olan müdaxiləni azaltmağa kömək edə bilər”,- deyə R.Mahmudov fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
15:35 04.06.2025
Oxunuş sayı: 1397