İqlim böhranına qarşı ağıllı sərmayə: Uyğunlaşma layihələri 1 trilyon avrodan çox gəlir gətirib

10 il ərzində təhlil edilən 320 iqlim layihəsinin təxmini gəliri 1 trilyon avronu keçib.
İqlim dəyişikliklərinin yaratdığı daşqın, yanğın və istilik dalğaları artdıqca, yeni araşdırmalar göstərir ki, iqlimə uyğunlaşma təkcə təcili ehtiyac deyil, həm də hökumətlər üçün ağıllı investisiya seçimidir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Dünya Resursları İnstitutunun (WRI) araşdırmasına əsasən, uyğunlaşma üçün xərclənən hər 1 avro gələcəkdə orta hesabla 10 avro gəlir gətirir. Bu nəticə 12 ölkədə həyata keçirilmiş infrastruktur, səhiyyə və fəlakət risklərinin idarə olunması ilə bağlı 320 layihənin təhlili əsasında əldə olunub.
Uqanda Maliyyə Nazirliyinin rəsmisi və İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının həmsədri Sam Muqume Koojo qeyd edib ki, bu tədqiqat dayanıqlılığın əsl dəyərini üzə çıxarır və nəticələr kifayət qədər təəccüblüdür.
Tədqiqat göstərib ki, uyğunlaşma layihələri yalnız fəlakətlər zamanı deyil, gündəlik həyat üçün də faydalıdır: iş yerləri yaradır, sağlamlığı yaxşılaşdırır və yerli iqtisadiyyatı gücləndirir. Əldə edilən faydaların yarıdan çoxu isə heç bir iqlim şoku baş vermədən gerçəkləşir. Məsələn, suvarma sistemləri məhsul müxtəlifliyini artırır, evakuasiya sığınacaqları isə icma mərkəzi kimi istifadə olunur.
Araşdırmaya görə, səhiyyə yönümlü təşəbbüslər – xüsusən də malyariya və istilik stressi ilə mübarizə sahəsində – orta hesabla 78% gəlir gətirə bilər. Daşqınlardan qorunma və erkən xəbərdarlıq sistemlərinə edilən yatırımlar isə həm yüksək iqtisadi səmərəliliyi, həm də əhalinin təhlükəsizliyini təmin edir.
Avropa ölkələri də bu istiqamətdə bəzi uğurlar əldə ediblər. Məsələn, Hollandiyanın Breda şəhəri yaşıl inkişaf təşəbbüsləri ilə Aİ-nin ilk Milli Park Şəhəri adına layiq görülüb. Lakin mütəxəssislər bildirirlər ki, yaşıl inkişafla bağlı ümumavropa strategiyası hələ də mövcud deyil. Dünya Bankının hesablamalarına əsasən, 2023-cü ildə təbii fəlakətlər qitəyə 77 milyard avrodan çox ziyan vurub.
Sakit Okean ada dövləti Nauru isə uyğunlaşma layihələrini maliyyələşdirmək üçün qeyri-ənənəvi addım ataraq iqlim investorlarına vətəndaşlıq təklif edir.
Mütəxəssislər bildirirlər ki, bu araşdırma nəticələri iqlimə uyğunlaşma məsələsinin COP30 sammitində prioritet mövzuya çevrilməsinin vacibliyini sübut edir
Zəhra Ağayeva
10:55 04.06.2025
Oxunuş sayı: 1045