Lavrovdan çağırış: İslamabad və Yeni Dehli arasında birbaşa dialoq vacibdir

3 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Moskvada Pakistan baş nazirinin xüsusi köməkçisi Seyid Tariq Fatemi ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, görüş zamanı ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Fatemi Pakistan-Hindistan münasibətlərinin mövcud vəziyyəti barədə ölkəsinin mövqeyini açıqlayıb.
Lavrov isə Moskvanın regionda sülh və sabitliyin təmin olunması baxımından İslamabad və Yeni Dehli arasında birbaşa və davamlı dialoqun vacibliyinə inandığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər BMT və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində terrorizmə qarşı birgə səylərin gücləndirilməsinin əhəmiyyətini də xüsusi vurğulayıblar.
Xatırladaq ki, Hindistan və Pakistan arasında münasibətlər 22 aprel tarixində Hindistanın Cammu və Kəşmir bölgəsinin Pahalqam şəhərində baş vermiş terror aktından sonra daha da gərginləşib. Hücum nəticəsində 25 hindistanlı və bir nepallı həyatını itirib. Cavab olaraq, Hindistan Silahlı Qüvvələri 7 mayda Pakistanda doqquz hədəfə və nəzarətində olan Kəşmir bölgəsinə qarşı “Sindoor” adlı hərbi əməliyyata başlayıb. Pakistan isə qarşı zərbələrlə cavab verib. Gərginliyin artmasından sonra, 10 mayda tərəflər atəşkəs və sərhəd bölgələrindəki hərbi qüvvələrin ixtisarı ilə bağlı razılığa gəliblər.
23:32 03.06.2025
Oxunuş sayı: 1659