BMT-nin Baş katibi: Fələstinlilər yemək üçün həyatlarını riskə atmamalıdır

BMT-nin Baş katibi Antonio Quterreş Qəzzada humanitar yardım almağa çalışan onlarla insanın həyatını itirməsi və yaralanması ilə bağlı xəbərlərə kəskin reaksiya verib. O, hadisəni “qəbuledilməz” adlandıraraq, məsul şəxslərin müəyyən olunması və məsuliyyətə cəlb olunması üçün təcili şəkildə müstəqil araşdırma aparılmasına çağırıb.
Crossmedia.az xəbər verir ki, Bu barədə CNN məlumat verib.
“Fələstinlilərin yemək üçün həyatlarını riskə atması qəbuledilməzdir”, – BMT rəhbərinin açıqlamasında qeyd olunub.
Quterreş həmçinin vurğulayıb ki, İsrail beynəlxalq humanitar hüquqa uyğun olaraq humanitar yardımın çatdırılmasını təmin etməyə borcludur. Onun sözlərinə görə, Qəzzada mövcud olan böyük ehtiyacları qarşılamaq üçün yardımın maneəsiz şəkildə və kifayət qədər miqdarda çatdırılması dərhal bərpa olunmalıdır.
Baş katib əlavə edib ki, BMT əməkdaşları öz işlərini təhlükəsiz və humanitar prinsiplərə uyğun şəkildə yerinə yetirməlidirlər.
“Bir daha dərhal, daimi və davamlı atəşkəsə çağırıram. Bütün əsirlər qeyd-şərtsiz azad olunmalıdır. Bu, hər kəsin təhlükəsizliyini təmin etməyin yeganə yoludur. Bu münaqişənin hərbi həlli yoxdur”, – A.Quterreş bəyan edib.
Nigar Rəhimova
20:34 03.06.2025
Oxunuş sayı: 1189