ABŞ və Suriya arasında xarici döyüşçülərlə bağlı razılaşma əldə olunub

ABŞ və Suriya hökumətləri ölkə ərazisindəki xarici döyüşçülərin taleyi ilə bağlı razılığa gəliblər. Bu barədə ABŞ-ın Suriyada xüsusi nümayəndəsi Tomas Barrak açıqlama verib. Onun sözlərinə görə, Vaşinqton Suriya hökumətinin xarici vətəndaşları yeni Suriya ordusuna inteqrasiya etmək planına anlayışla yanaşır və əgər bu proses şəffaf şəkildə həyata keçirilərsə, buna qarşı çıxmayacaq.
Crossmedia.az xəbər verir ki, Bu barədə CNN məlumat verib.
Qeyd edək ki, daha əvvəl ABŞ Suriyaya qarşı sanksiyaların yüngülləşdirilməsi müqabilində ölkədəki xarici döyüşçülərin ordudan uzaqlaşdırılmasını və onlara zabit rütbələrinin verilməməsini tələb edirdi. Lakin Reuters-in Suriya Müdafiə Nazirliyinə yaxın iki mənbəyə istinadən verdiyi məlumata görə, suriyalı müzakirəçi Əhməd əş-Şəraa bu şərtə qarşı çıxıb. O, bildirib ki, xarici döyüşçülərin istisna edilməsi onların radikallaşmasına səbəb ola bilər və bu, ölkənin təhlükəsizliyi üçün əlavə risk yaradar.
Nəticədə, ABŞ əsas sanksiyaların böyük hissəsini bu şərtin yerinə yetirilməsinə ehtiyac olmadan ləğv edib.
Hazırda təxminən 3500 xarici vətəndaşın yeni yaradılan Suriya ordusunun 84-cü diviziyasına qoşulacağı gözlənilir. Onların əksəriyyətini uyğurlar təşkil edir.
Nigar Rəhimova
19:33 03.06.2025
Oxunuş sayı: 1357