TÜİK və ENAG may ayı inflyasiyasını açıqladı

May ayında qanuni kirayə artım nisbətini müəyyən edən 12 aylıq ortalama inflyasiya 45,80 faiz olub.
Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, may ayında illik inflyasiya 35,41 faiz, aylıq inflyasiya isə 1,53 faiz təşkil edib. Ən yüksək artım 67,43 faizlə “mənzil” kateqoriyasında qeydə alınıb. “Qida və alkoqolsuz içkilər”də illik artım 32,87 faiz, “daşıma”da isə 24,59 faiz olub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu göstəricilərə əsasən, mülk sahiblərinin iyun ayında tətbiq edə biləcəyi maksimum kirayə artımı 45,80 faiz olacaq. Aprel ayında TÜİK-in illik inflyasiya göstəricisi 37,86 faiz, aylıq inflyasiya isə 3 faiz idi.
İstanbul Ticarət Palatasının (İTO) may ayına dair məlumatlarında isə pərakəndə satış qiymətlərində illik artım 46,57 faiz, aylıq artım isə 2,83 faiz olub.
Beş aylıq inflyasiya göstəricisi TÜİK-ə görə 15,09 faiz təşkil edib. Bu da iyul ayında dövlət qulluqçularının və təqaüdçülərin maaş artımlarına təsir göstərəcək.
Müstəqil İnflyasiya Araşdırma Qrupu ENAG isə may ayı üzrə aylıq inflyasiyanı 3,66 faiz, illik inflyasiyanı isə 71,23 faiz olaraq açıqlayıb.
TÜİK və ENAG arasında inflyasiya göstəricilərindəki fərq məlumatların toplanması və hesablanma üsullarının müxtəlifliyi ilə izah olunur. TÜİK sabit istehlak səbətinə əsaslanır və məlumatları müəyyən dövrlərdə toplayır. ENAG isə internet üzərindən gündəlik qiymətləri toplayaraq daha dinamik sistem tətbiq edir.
Digər tərəfdən, TÜİK-in hökumətə bağlılığı səbəbilə, məlumatların siyasi təsirlərlə manipulyasiya edildiyi barədə ictimaiyyətdə zaman-zaman müzakirələr aparılır.
Xatırladaq ki, 2022-ci ilin iyun ayında TÜİK məhsul səbətinin orta qiymət siyahısını dərc etməyi dayandırmışdı. DİSK bu məlumatların açıqlanması üçün məhkəməyə müraciət edib və ilkin instansiya təşkilatın rədd cavabını qanunsuz sayıb. Məsələ hal-hazırda yuxarı instansiyada baxılmaqdadır.
Zəhra Ağayeva
14:08 03.06.2025
Oxunuş sayı: 1014