Navroçkinin qələbəsi: Polşa Aİ ilə fikir ayrılıqlarının mərkəzindədir

Polşada keçirilən prezident seçkilərində sağ cinahın namizədi, transatlantik mövqeləri ilə tanınan Navroçki qalib gəlib. Onun bu qələbəsi ölkədə siyasi balansı dəyişərək, hökumətlə prezident arasında ideoloji qarşıdurmanı dərinləşdirib.
Navroçkinin seçilməsi sağçı düşərgəni yenidən bir araya gətirib. Bu, Aİ tərəfdarı baş nazir Donald Task ilə mühafizəkar prezident arasında gərginliyin artmasına səbəb olub. İndi Task hökuməti daxildə zəifləməkdə, onun istefası ilə bağlı çağırışlar səslənməkdədir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bəzi analitiklər Trzaskowski-nin ikinci dəfə məğlub olmasını, Navroçkinin siyasi gücündən çox Taskın liberal idarəçiliyinə qarşı bir reaksiya kimi qiymətləndirirlər. Aİ-yə bağlı fiqurlar arasında artıq yalnız xarici işlər naziri Radek Sikorski mühüm mövqeyini qoruyur. Insayderlərə görə, əgər namizəd o olsaydı, nəticə fərqli ola bilərdi.
Sikorski partiya daxilində yetərincə dəstəyə malik olmasa da, artan nüfuzu onun Taska qarşı alternativ lider kimi çıxış etmə potensialını artırır. Digər tərəfdən, Navroçkinin seçki kampaniyasında ifrat sağ Konfederasiya Partiyası ilə əməkdaşlıq etməsi 2027-ci ildəki parlament seçkiləri öncəsi yeni mühafizəkar koalisiyanın formalaşması ehtimalını gücləndirib.
Navroçki Aİ üzvlüyünə qarşı çıxmasa da, dərin inteqrasiyanın əleyhinədir. Xüsusilə Yaşıl Sövdələşmə, miqrasiya paktı və müqavilə islahatlarına qarşı tənqidi mövqeyi ilə seçilir. Bu yanaşma Aİ-nin Brüsseldəki rəhbərliyinə qarşı çıxmadan milli suverenliyi önə çəkən bir siyasətin göstəricisi sayılır.
Fransa parlamentinin sağ mərkəzçi deputatı Bernard Guetta xəbərdarlıq edir ki, Navroçkinin prezidentliyi, Polşanı Aİ-nin siyasi nüvəsindən uzaqlaşdıra və müdafiə sahəsində 150 milyard avroluq SAFE proqramı kimi təşəbbüsləri ləngidə bilər.
Navroçki Rusiyaya qarşı sərt mövqeyini qoruyur. O, keçmişdə Sovet abidələrinin sökülməsinə dəstək verdiyi üçün 2022-ci ildə Rusiya tərəfindən “persona non-qrata” elan edilib. Lakin Ukrayna ilə bağlı ehtiyatlı siyasət yürüdür. Onun fikrincə, Aİ və NATO üzvlüyü öncəsi Ukrayna müəyyən güzəştlər təqdim etməlidir.
Navroçki seçki kampaniyası zamanı ABŞ-a səfər edərək Donald Tramp və onun ətrafı ilə görüşüb. O, ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem də daxil olmaqla bir sıra mühafizəkar siyasətçilərdən açıq dəstək alıb. Polşanın ABŞ-la hərbi əməkdaşlığa üstünlük verməsi və ordu modernizasiyası Navroçkinin təhlükəsizlik strategiyasında əsas yer tutur.
Task hökuməti ilə prezident arasında fikir ayrılığı artıq səfirlərin təyinatında da özünü göstərir. 2023-cü il seçkilərindən sonra Task 50-dən çox səfirin dəyişdirilməsi üçün siyahı təqdim etsə də, prezident bu təyinatların çoxunu təsdiq etməyib. Gözləntilərə görə, Navroçki də bu yanaşmanı davam etdirəcək.
Onun qələbəsi Avropanın digər sağçı liderləri tərəfindən – Tramp, Orban, Meloni və Simion – təqdirlə qarşılanıb. Avropanın bir sıra ölkələrində yaşıl siyasətə və miqrasiya razılaşmalarına qarşı yüksələn mühafizəkar ruhun Navroçki ilə daha da canlandığı bildirilir.
Nəticə etibarilə, Navroçkinin prezident seçilməsi Polşa və Avropa siyasətində yeni bir ox formalaşdırır. Bu, Aİ-yə inteqrasiya ilə ABŞ-ın təsiri arasında sıxılmış bir siyasi mənzərə yaradır. Polşa 2027-ci il seçkilərinə qədər Avropada transatlantik mühafizəkarlığın və milli suverenliyin ən qızğın müzakirə olunduğu meydan ola bilər.
Zəhra Ağayeva
13:50 03.06.2025
Oxunuş sayı: 1030