Ermənistanda kilsənin dövlətə maliyyə hesabatlılığı ilə bağlı qanun layihəsi hazırlanır

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyası Ermənistan Apostol Kilsəsinin dövlətə maliyyə hesabatlılığını təmin edən qanun layihəsi hazırlamaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, Bu barədə fraksiyanın katibi Artur Ovanisyan özünün “Facebook” səhifəsində məlumat verib.
Ovanisyan bildirib ki, ötən şənbə və bazar günləri sosial şəbəkədə bu məsələ ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edən 2 679 istifadəçidən 96 faizi (2 575 nəfər) kilsənin maliyyə baxımından dövlətə hesabat verməli olduğunu bildirib. Cəmi 4 faiz (104 nəfər) bu təklifə qarşı çıxıb.
“Mövzu ilə bağlı ictimai rəyi nəzərə alaraq, qanunvericilik təşəbbüsünə başlamağın vaxtı çatıb”, – deyə Ovanisyan qeyd edib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, dövlət və kilsə bir-birindən ayrıdır. Lakin Ermənistan Apostol Kilsəsi ölkənin milli və dini kimliyində xüsusi yer tutur və bir sıra imtiyazlara malikdir. Yeni təşəbbüs bu münasibətlərə yenidən baxılması zərurətini gündəmə gətirir.
Nigar Rəhimova
16:40 03.06.2025
Oxunuş sayı: 1350