Baş nazir Starmer açıqladı: Böyük Britaniya “müharibəyə hazır olma” mərhələsinə keçir

Böyük Britaniyanın baş naziri və Leyboristlər Partiyasının lideri Keir Starmer Şotlandiyanın Qlazqo şəhərində yerləşən BAE Systems müdafiə müəssisəsinə səfəri zamanı ölkəsinin yeni müdafiə planları barədə danışıb. Starmer Böyük Britaniyanın NATO daxilində ən sürətli hərbi yenilikçi olmasını istədiyini və dünyanın dəyişdiyini bildirib. Onun sözlərinə görə, bu artıq “cəbhə xəttinin burada olduğu” anlamına gəlir.
Crossmedia.az xəbər verir ki, “The Guardian” qəzetinin xəbərinə görə, strateji müdafiə dəyərləndirməsi ölkəni daha təhlükəsiz, daha güclü və müharibəyə hazır hala gətirmək üçün bir yol xəritəsi rolunu oynayacaq. Starmer hökumətinin bu istiqamətdə üç əsas dəyişikliyi həyata keçirəcəyini bildirib.
İlk olaraq, ölkənin müdafiə qüvvələri “müharibəyə hazır olma” mərhələsinə keçəcək. Starmer deyib: “İrəliləmiş ordulara sahib dövlətlər tərəfindən birbaşa təhdid edildikdə onları çəkindirməyin ən effektiv yolu, dürüst desək güc vasitəsilə sülhə hazır olduğumuzu göstərməkdir”.
İkinci olaraq, hökumətin atacağı bütün addımlar NATO-nun gücünə töhfə verməyi hədəfləyəcək. Üçüncü olaraq isə “müharibə dövrünün sürəti ilə innovasiya” sürətləndiriləcək.
Baş nazir Starmer mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb. Rusiyanın Britaniyada internet və elektrik kəsintilərinə səbəb olub-ola bilməyəcəyi ilə bağlı suala cavab olaraq Starmer, ölkəsinin Rusiyadan gələn bütün təhdidlərə qarşı hazırlıqlı olması gərəkdiyini deyib. O, müttəfiqlərlə birlikdə ölkənin infrastrukturunu qorumaq üçün işlədiklərini bildirib.
Starmer, müdafiə xərclərinin artırılması üçün başqa sahələrdə ixtisarların mümkünlüyünə də açıq qapı qoyub. Yardım büdcəsində kəsintinin çətin bir qərar olduğunu deyən Baş nazir, daha çox beynəlxalq yardım üçün digər ölkələrlə əməkdaşlıq etmək istədiklərini bildirib.
Baş nazirə Almaniyanın “Rusiya 4 il ərzində NATO ölkəsinə hücum edə bilər” açıqlaması da xatırladılıb. Starmer Rusiyadan gələn təhdidlərə qarşı ayıq olduqlarını, Rusiyanın artıq Böyük Britaniyanın hava və dəniz məkanında təhlükə yaratdığını deyib. O, strateji müdafiə qiymətləndirməsinin ölkəni bu təhdidlərə hazırlayacağını vurğulayıb.
Glasgowdakı açıqlamasından öncə BBC Radio 4-ün “Today” proqramında da danışan Starmer, dünyanın dəyişdiyini və yeni təhlükəsizlik dövrünə girildiyini bildirib. Çatışmaları önləməyin ən yaxşı yolunun onlara hazır olmaq olduğunu deyən Baş nazir Rusiyanın son həftələrdə sülhə ciddi yanaşmadığını sübut etdiyini söyləyib.
Starmer ölkəsinin müdafiə xərclərini 2027-ci ilə qədər ÜDM-in 2,3 faizindən 2,5 faizinə çıxarmaq hədəfinə istinad edib. O, növbəti parlament dövründə bu nisbəti 3 faizə çatdırmaq istədiklərini deyib. Amma bu hədəfə nə vaxt çatılacağı ilə bağlı dəqiq tarix verməyib. “Pulun haradan gələcəyindən və bu öhdəliyi necə yerinə yetirəcəyimizdən əmin olmayınca, konkret tarix verməyəcəyəm. Çünki simvolik siyasətə inanmıram, xüsusilə də müdafiə və təhlükəsizlik məsələlərində”, – deyə o bildirib.
Starmer 25 fevralda verdiyi açıqlamada müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-in 2,5 faizinədək artırılacağını və bu artımın maliyyələşdirilməsi üçün xarici yardım büdcəsinin 0,5 faizdən 0,3 faizə endiriləcəyini açıqlamışdı.
Mədinə Cəlilova
00:00 03.06.2025
Oxunuş sayı: 1212