Polşanın yeni seçilmiş prezidenti: "Polşanın sahibi yalnız xalqdır"

Polşanın yeni seçilmiş prezidenti Karol Navroçki seçkilərdən sonra xalqa müraciətində ölkənin gələcək siyasi kursu, Avropa İttifaqı ilə münasibətləri, ABŞ-la əməkdaşlığı və Ukrayna ilə bağlı mövqeyi barədə fikirlərini bölüşüb.
Crossmedia.az xəbər verir ki, o, çıxışında bunları qeyd edib:
“Bu seçkilərdə Polşa xalqı sabitliyə, milliliyə, ailə və xristian dəyərlərinə səs verdi. Tarixi qələbə üçün təşəkkür edirəm, Polşa! Biz, polyaklar üçün Polşanı daha sabit, dayanıqlı və təhlükəsiz edəcəyik. Buradan Avropa İttifaqına səslənirəm: Polşa Avropanın bir hissəsi olaraq qalır, lakin Brüssel bizə diktə edə bilməz. Polşanın sahibi yalnız Polşa xalqıdır”.
ABŞ-lƏ münasibətlərə toxunan prezident vurğulayıb ki, Amerika Birləşmiş Ştatları Polşanın əsas strateji tərəfdaşı olaraq qalır:
“Biz prezident Trampın ailə dəyərləri, xristian irsi, immiqrasiyaya qarşı mövqeyi və sərhədlərin qorunması ilə bağlı gündəmini bölüşürük. Orduya daha çox sərmayə yatıracağıq – bu, həm milli təhlükəsizlik, həm də müttəfiqlərimiz qarşısında öhdəliklərimiz baxımından vacibdir”.
Ukrayna ilə münasibətlərə gəldikdə isə, Navroçki bu ölkənin müstəqilliyini dəstəklədiyini bildirib, lakin bəzi tarixi məsələlərin həllinin vacibliyinə diqqət çəkib:
“Ukrayna öz azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparır. Biz onun suverenliyini dəstəkləyirik. Ancaq əgər Ukrayna Volın qırğınında polyaklara qarşı törədilmiş cinayətlərlə bağlı tarixi həqiqətləri qəbul etməzsə və həmin hadisələrdə qətlə yetirilmiş soydaşlarımızın qalıqlarını bizə təhvil verməzsə, Polşa olaraq Ukraynanın Aİ və ya NATO-ya üzvlüyünü dəstəkləməyəcəyik. Ukrayna dost münasibət nümayiş etdirməli və Polşaya qarşı tarixi ədalətsizlikləri aradan qaldırmalıdır”.
19:17 02.06.2025
Oxunuş sayı: 1420