Rusiyanın Kiyevə hava hücumu: Sumi bölgəsində daha 11 kənd üçün təxliyə əmri verildi

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko Rusiyanın şəhərə qarşı həyata keçirdiyi hava hücumlarını dəf etməyə çalışdıqlarını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, bu gecə yerli vaxtla saat 02:00-dan əvvəl Kiyevdə hava hücumu və raket siqnalları səslənib və şəhərdə partlayış səsləri eşidilib. Bu hücum Rusiyanın Kiyevə qarşı müharibənin əvvəlindən bəri ən böyük hava hücumunu həyata keçirməsindən bir həftə sonra baş verib.
“The Guardian”qəzetinin məlumatına görə, Rusiyanın dünən gecə saatlarında Ukraynaya 109 pilotsuz uçuş aparatı (PUA) və beş raketlə hücum etdiyi, onlardan üçünün və 42 PUA-nın Ukrayna hava qüvvələri tərəfindən məhv edildiyi bildirilib. Həmçinin 30 PUA-nın isə hədəfə çata bilmədiyi və heç bir zərər vermədiyi qeyd olunub.
Rəsmi məlumata görə, hücumlar nəticəsində iki nəfər, o cümlədən 9 yaşlı bir qız uşağı həlak olub. Uşaq Zaporijya bölgəsində yerləşən Dolynka sərhəd kəndinə edilən hücum zamanı həyatını itirib. Herson vilayətinin qubernatoru Oleksandr Prokudin isə bir kişinin Rusiya hücumu nəticəsində öldüyünü açıqlayıb.
Ukraynalı rəsmilər Rusiyanın torpaq ələ keçirməyə davam etdiyi günlərdə ölkənin şimalındakı Sumi bölgəsində yerləşən 11 kənd üçün daha təxliyə əmri verildiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə Donetsk vilayətindəki Novopil kəndi və Sumi bölgəsindəki Vodolahy kəndinin nəzarətə götürüldüyünü bildirib.
1 iyun tarixinə olan məlumata əsasən, Sumidə 213 yaşayış məntəqəsi üzrə təxliyə əmri qüvvədədir. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna ərazisində tampon zona yaratmaq məqsədilə bölgəyə təxminən 50 min hərbçi yerləşdirdiyini bildirib.
Rusiyanın və Ukraynanın 2 iyun tarixində Kreml tərəfindən edilən çağırışa əsasən İstanbulda ikinci dəfə görüşüb-görüşməyəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.
Mədinə Cəlilova
09:56 01.06.2025
Oxunuş sayı: 1581