NYT: “İlon Mask prezident seçkisi dövründə narkotik istifadəsini artırıb”

ABŞ mətbuatında yayımlanan məlumatlara görə, Tesla və SpaceX-in sahibi Elon Musk, sabiq prezident Donald Trampın 2024-cü il seçki kampaniyasında fəal iştirak etdiyi dövrdə narkotik maddə istifadəsini artırıb.
Crossmedia.az xəbər verir li, “New York Times” qəzetinin araşdırmasına əsasən, Maskın həm ailə həyatı, həm də Trampa yaxınlığı ilə gündəmdə olduğu bu müddətdə narkotik istifadəsi daha da intensivləşib. Bildirilib ki, Mask üzərində içində təxminən 20 həb olan dərman qutusu daşıyır və cərrahiyyədə narkoz məqsədilə istifadə edilən ketamin maddəsini yüksək dozada qəbul edir. Bundan əlavə, onun vaxtaşırı sintetik narkotiklərə və psilosibin tərkibli “sehrli göbələklər”ə də müraciət etdiyi iddia olunur.
Mask daha əvvəl depressiya müalicəsi üçün ketamin qəbul etdiyini, bu maddəni iki həftədə bir aldığını etiraf etmişdi. Sosial media paylaşımlarında və müsahibələrində isə “böyük enişlər, çıxışlar və tükənməz stress” yaşadığını dilə gətirib.
Qəzetə danışan bir mənbənin sözlərinə görə, Mask uzun saatlar video oyunlar oynayır, həddindən artıq qida qəbul edir və sahibi olduğu X platformasında gecə-gündüz fasiləsiz paylaşım edir.
Donald Tramp məsələ ilə bağlı açıqlamasında, Maskın narkotik istifadəsi barədə xəbərlərdən xəbərsiz olduğunu bildirib. “Məncə Elon əla biridir. Onunla bağlı məni narahat edən heç nə yoxdur”, – deyə Tramp qeyd edib.
Mask isə Ağ Evdə keçirilən bir mətbuat konfransında bu barədə ona ünvanlanan suallara birbaşa cavab verməyib. Bunun əvəzinə New York Timesı daha əvvəl Rusiya təhqiqatı ilə bağlı yalan xəbərlər yaymaqda ittiham edərək, mövzunun bağlanmasını istəyib.
Mədinə Cəlilova
10:43 01.06.2025
Oxunuş sayı: 1503