BMT embarqosuna zidd addım: Rusiya Şimali Koreyaya hərbi texnika göndərdi

Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının sanksiyalarını açıq şəkildə pozaraq Şimali Koreyaya hava hücumundan müdafiə sistemi və digər hərbi texniki vasitələr göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi tərəfindən yayılmış Çoxtərəfli Sanksiyaların Monitorinq Qrupunun (MSMT) hesabatında bildirilir.
Məlumata görə, 2024-cü ilin noyabr ayından etibarən Moskva Pxenyana ən azı bir ədəd “Pantsir” mobil hava hücumundan müdafiə sistemi və eyni sinifə aid döyüş maşını təhvil verib. Hesabatda bu faktların müxtəlif kəşfiyyat məlumatlarına və müstəqil tədqiqat institutlarının araşdırmalarına əsaslandığı vurğulanır.
Bundan əlavə, Rusiya Şimali Koreyanın raket idarəetmə sistemlərini təkmilləşdirmək məqsədilə Pxenyana raket performans göstəricilərinə dair məlumatlar və texniki dəstək də təqdim edib.
Qeyd edək ki, bu yardımlar BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı qüvvədə olan silah embarqosunu ciddi şəkildə pozur.
20:50 31.05.2025
Oxunuş sayı: 1261