Britaniyalı polkovnik: “Ukrayna nüvə silahı hazırlaya bilər”

Böyük Britaniya Ordusunun istefada olan polkovniki Riçard Kemp Ukraynanın öz nüvə silahını hazırlaya biləcəyini bildirib. O, bu fikrini Rumıniyanın Konstansa şəhərində keçirilən “Qara Dəniz Təhlükəsizlik Forumu”nda səsləndirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Kempə görə, Rusiya ilə müharibə fonunda Ukraynanın təhlükəsizliyini təmin etmək üçün strateji müdafiə imkanları genişləndirilməlidir. O, bu çərçivədə Böyük Britaniyanın Ukraynaya nüvə texnologiyalarının inkişafında dəstək göstərə biləcəyini ehtimal edib.
Xatırladaq ki, Ukrayna 1994-cü ildə imzalanan Budapeşt Memorandumu əsasında nüvə silahından imtina etmişdi. Hazırda ölkə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıdır və rəsmi olaraq nüvə silahı olmayan dövlət statusunu qoruyur. Bununla belə, bəzi ekspertlər hesab edir ki, Ukraynanın təhlükəsizliyi təhdid altında qalarsa, bu məsələ yenidən gündəmə gələ bilər.
Qeyd edək ki, Böyük Britaniya ilə Ukrayna arasında müdafiə sahəsində strateji əməkdaşlıq mövcuddur. London Kiyevə hərbi təlim, texniki dəstək və silah təchizatı sahələrində yardım göstərir. Lakin indiyədək nüvə texnologiyaları ilə bağlı əməkdaşlıq barədə rəsmi təsdiqlənmiş razılaşma yoxdur.
Zəhra Ağayeva
19:54 31.05.2025
Oxunuş sayı: 1458