Tramp polad və alüminium tariflərini 50 faizə qaldıracağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada polad fabrikində keçirdiyi mitinqdə idxal olunan polad və alüminiuma tətbiq edilən tariflərin 25 faizdən 50 faizə yüksəldiləcəyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp bu qərarın ABŞ polad sənayesini daha da gücləndirəcəyini deyib. Onun sözlərinə görə, tarif artımı 4 iyun Çərşənbə günü qüvvəyə minəcək.
Tramp həmçinin Truth Social platformasında yaydığı açıqlamasında alüminium tariflərinin də ikiqat artırılacağını qeyd edib. O, bu addımın ABŞ iqtisadiyyatına və yerli istehsalçılara müsbət təsir edəcəyini vurğulayıb.
ABŞ lideri mitinq zamanı Yaponiyanın Nippon Steel şirkətinin US Steel-in Mon Valley Works-Irvin zavoduna investisiya qoyacağını da açıqlayıb. Tramp ilkin mərhələdə bu sazişi təsdiqləmədiyini bildirsə də, sonradan Nippon Steel-ə qismən satışla bağlı razılaşmanı elan edib.
Qeyd edək ki, ABŞ-da poladın metrik ton başına qiyməti hazırda 984 dollardır ki, bu da Avropa (690 dollar) və Çin (392 dollar) qiymətlərindən xeyli yüksəkdir. Tarif artımından ən çox təsirlənəcək tərəfdaşlar arasında Aİ və Kanada da yer alır.
Tramp çıxışının sonunda belə deyib: “Pensilvaniya poladı bir daha heç vaxt olmadığı kimi Amerikanın dayağı olacaq”.
Zəhra Ağayeva
16:15 31.05.2025
Oxunuş sayı: 1238