Trampın ixtisar planı məhkəmə tərəfindən dayandırıldı

ABŞ-ın 9-cu Dairə Apellyasiya Məhkəməsi keçmiş Prezident Donald Trampın federal qurumlarda həyata keçirmək istədiyi kütləvi ixtisarların dayandırılması ilə bağlı aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu addım Trampın federal hökuməti kiçiltmək planlarına ciddi zərbə hesab olunur.
Hakim Syuzan İllston daha əvvəl bildirmişdi ki, Prezident Konqresin razılığı olmadan dövlət strukturlarında genişmiqyaslı dəyişikliklər edə bilməz. Apellyasiya məhkəməsi də bu fikri dəstəkləyərək Trampın sərəncamının konstitusiya səlahiyyətlərini aşdığını qeyd edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, federal işçilərin həmkarlar ittifaqları, yerli idarələr və müstəqil təşkilatlar Trampın fevral ayında imzaladığı sərəncamın və OPM (Şəxsi Heyət İdarəsi) ilə OMB-nin (Büdcə İdarəsi) göstərişlərinin qanunsuz olduğunu əsas gətirərək məhkəməyə müraciət ediblər.
İddiaçılar qeyd ediblər ki, bu agentliklər az ixtisar planlarını rədd edir, əvəzində daha sərt ixtisarları diktə edirdilər. Məhkəmə iddiasında Hökumətin Verimlilik Departamentinin (DOGE) də adı keçir. Hakim İllstonun qərarına əsasən, Müdafiə, Əmək, Maliyyə və digər mühüm nazirliklərdə planlaşdırılan ixtisarlar dayandırılıb.
Ağ Evin sözçüsü Harrison Fields qərarı tənqid edərək bildirib ki, “tək bir hakim Prezidentin işə qəbul və işdən azad etmə səlahiyyətlərini əlindən almağa çalışır.” O əlavə edib ki, administrasiya qərardan apellyasiya şikayəti verməyə davam edəcək.
Məhkəmənin çoxluq rəyində qeyd olunub ki, bu cür struktur islahatları yalnız Konqresin təsdiqi ilə həyata keçirilə bilər. Müxalif rəy bildirən hakim isə Prezidentin agentlikləri yönləndirmək hüququna malik olduğunu bildirib. İddiaçılar isə qərarın qüvvədə qalmasından məmnun olduqlarını açıqlayıblar.
Zəhra Ağayeva
10:48 31.05.2025
Oxunuş sayı: 1746