Keçmiş CIA rəhbərindən Rusiya ilə bağlı iddia: Növbəti hədəf hansı ölkə olacaq?

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Devid Petreus Rusiyanın Ukrayna müharibəsində uğur qazanacağı təqdirdə Avropadakı bir NATO ölkəsini işğal etməyə yönələcəyini iddia edib. Petreusun fikrincə, bu ölkə çox böyük ehtimalla Baltikyanı dövlətlərdən biri olan Litva olacaq.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, “Daily Mail” qəzetinin xəbərinə görə, Petreus Rusiya rəhbərliyinin Qərbin iradəsini sınamaq və ya daha genişmiqyaslı hücum üçün zəmin yaratmaq məqsədilə Litvaya hücum edə biləcəyini bildirib.
Petreus ABŞ Prezidenti Co Baydeni də Ukrayna qüvvələrini kifayət qədər silahlandırmamaqda tənqid edib. Londonda yerləşən “Policy Exchange” adlı beyin mərkəzində çıxış edən keçmiş CIA rəhbəri ABŞ-nin müharibəyə münasibətdə daha fərqli bir yanaşma ortaya qoymalı olduğunu deyib. O, Ukraynaya F-16 döyüş təyyarələrinin verilməsinin vacibliyini vurğulayıb.
Petreusun sözlərinə görə, Ukraynalılara daha çox dəstək verilməlidir ki, döyüş meydanındakı dinamika dəyişsin və Moskva qəbul edilə biləcək bir qarşılıq qarşılığında əlavə qazanc əldə edə bilməyəcəyini başa düşsün.
Keçmiş kəşfiyyat rəhbəri Rusiya Prezidenti Vladimir Putinin əsas məqsədinin Ukrayna Prezidenti Volodimir Zelenskini devirmək və onun yerinə kukla bir lider gətirərək ölkənin tam nəzarətini ələ keçirmək olduğunu deyib. Petreus əlavə edib: “Bu baş verdikdə, onların Baltikyanı dövlətlərə yönələcəyini görəcəyik”.
Putinin çıxışlarında Litvanın tez-tez ön plana çəkildiyini deyən Petreus, “Onu daha çox dinləməli idik,” fikrini ifadə edib. Keçmiş CIA direktoru Rusiyanın müharibədəki itkilərinin isə “təsəvvür edilməz” səviyyədə olduğunu iddia edib.
Mədinə Cəlilova
03:00 31.05.2025
Oxunuş sayı: 1266