Almaniya İsraillə bağlı mövqeyini dəyişir: “Dilimizi dəyişdik, siyasi addımlar da gələcək”

Almaniyanın xarici işlər naziri Yohann Vadeful, ölkəsinin İsrailə qarşı ritorikasını dəyişdiyini, növbəti mərhələdə siyasi addımların da dəyişə biləcəyini açıqlayıb.
Crossmedia.az Almaniya mətbuatına istinafən xəbər verir ki, “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə İsrail hökumətinin bəzi davranışlarının tənqid olunmalı olduğunu deyən Vadeful, Almaniya kansleri Fridrix Mers və özü də daxil olmaqla bu məsələdə açıq danışdıqlarını bildirib.
Nazir, Almaniya hökumətinin Qəzza məsələsində ritorikasının dəyişməsinə səbəb kimi həftələrlə bölgəyə humanitar yardımın daxil olmamasını göstərib. İsrailə səfəri zamanı bu vəziyyətin düzəldilməsini İsrail hökumətindən tələb etdiyini deyən Vadeful, “Yeni planlaşdırılmış yardım paylama sistemini böhrandan çıxış üçün praqmatik yol kimi qəbul etməyə hazır idim”,- deyib.
Lakin təxminən üç həftə sonra bu sistemin işləmədiyini və gələn yardımların “yalnız isti daş üzərinə damcı” olduğunu söyləyən Vadeful, bunun artıq insan haqları məsələsi olduğunu vurğulayıb: “İlk növbədə xəstələr, zəiflər və uşaqlar ölür. Nəticə olaraq dilimizi dəyişdik, növbəti mərhələdə isə yəqin ki, siyasi addımlarımızı da dəyişəcəyik”.
Bu addımların nədən ibarət olacağı sualına cavab olaraq isə Vadeful, “Hazırda ətraflı deyə bilmərəm. İsrail hökumətinin siyasətini dəyişmək üçün hələ şansı var”, - deyib.
İsrailə silah tədarükü məsələsinə toxunan nazir, bu mövzunun Almaniyanın Federal Təhlükəsizlik Şurasında müzakirə edildiyini və bu səbəbdən ictimaiyyətə açıqlanmadığını bildirib. “Prinsip etibarilə məlumdur ki, İsrail Almaniyadan silah alır. Bu həmişə belə olub. İsrail ciddi təhlükəsizlik və mövcudluq təhdidləri ilə üzləşir. Husilər, Hizbullah və İran dövləti tərəfindən və İsrail buna qarşı özünü müdafiə edə bilməlidir, Alman silah sistemləri ilə də”, - deyib.
Qəzza zolağında baş verənlərin beynəlxalq humanitar hüquqa uyğun olub-olmamasının ayrıca araşdırıldığını deyən Vadeful, bu araşdırmalara əsasən əlavə silah tədarükünə icazə veriləcəyini bildirib.
Jurnalistin “Yaxud icazə verilməyəcək” qeydinə cavab olaraq isə Vadeful, “Elə ifadənin özü bunu bildirir”, - deyib.
İsrailin təhlükəsizliyinin Almaniyanın “dövlət məsələsi” (Staatsräson) olaraq qalacağına dair suala isə Vadeful belə cavab verib: “Bəli, çünki yəhudilərin öz dövlətlərində təhlükəsiz hiss edə biləcəkləri yeganə vətəndir. Biz İsrail dövlətinin maraqlarını müdafiə edirik, amma bu, bir hökumətin istədiyini edə biləcəyi anlamına gəlmir”.
Mədinə Cəlilova
23:45 30.05.2025
Oxunuş sayı: 938