ABŞ-də FBI əməkdaşı Trampa qəzəbləndi, gizli məlumatları sızdırmaq istədi

ABŞ Federal Təhqiqat Bürosu (FBI), Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) əməkdaşının Prezident Donald Tramp administrasiyasına qəzəblənərək gizli məlumatları sızdırmağa cəhd etdiyini açıqlayıb.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, FBI-nın yaydığı məlumata görə, sözügedən əməkdaş adı açıqlanmayan “dost xarici ölkə” ilə məxfi materialları paylaşmaq niyyətində olub. Politico xəbər portalının yaydığı məlumatda, Nathan Villas Laatsch adlı əməkdaşın hərbi kəşfiyyat xidmətində informasiya texnologiyaları sahəsində çalışdığı bildirilir.
Məhkəmə sənədləri və ədliyyə nazirliyinin açıqlamasına əsasən, Laatsch gizli materialları “dost xarici hökumət”ə ötürməyi təklif edib. FBI tərəfindən məhkəməyə təqdim olunan andlı ifadəyə görə, o, göndərdiyi bir e-poçtda “Hazırkı administrasiyanın son addımları mənim üçün olduqca narahatedicidir… Bu administrasiyanın dəyərlərini dəstəkləmirəm, onlara inanmıram. Mən ABŞ-nin əvvəllər müdafiə etdiyi və təmsil etdiyi dəyərləri dəstəkləmək istəyirəm” sözlərini yazıb.
FBI əməkdaşları özlərini xarici ölkə nümayəndəsi kimi təqdim edərək Laatsch ilə əlaqəyə keçib və əməliyyat zamanı sözügedən elektron məktubu ələ keçiriblər. Cavab mesajında “Gününüz xoş olsun. Mesajınızı aldım və narahatlığınızı bölüşürəm” ifadəsi yer alıb.
Laatsch Müdafiə Kəşfiyyat Agentliyinin Daxili Təhlükə Bölməsində çalışırdı. Bu bölmə, həssas məlumatları sızdırma riski daşıyan əməkdaşların müəyyən edilməsi ilə məşğuldur.
Şübhəli şəxs cümə axşamı FBI tərəfindən Virciniya ştatının şimalında saxlanılıb. FBI əməkdaşı əvvəlcədən müəyyən olunmuş ərazidə materialları şübhəlidən təhvil alıb, bundan dərhal sonra Laatsch həbs olunub. O, ilkin ifadəsində ABŞ-dəki vəziyyətə görə xarici ölkədən vətəndaşlıq istədiyini bildirib. Şübhəlinin bu gün Virciniyada məhkəmə qarşısına çıxarılması gözlənilir.
Mədinə Cəlilova
23:30 30.05.2025
Oxunuş sayı: 1080