Yaponiya Suriyaya tətbiq olunan sanksiyaları qismən ləğv edir

Yaponiya hökuməti Suriyaya qarşı tətbiq olunan bəzi sanksiyaların ləğvi ilə bağlı qərar qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası NHK məlumat yayıb.
Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa mətbuata verdiyi açıqlamada bildirib ki, BƏƏS rejiminin devrilməsindən sonra Suriyaya yönəlik sanksiyaların qismən ləğv olunması qərarı geniş və ətraflı qiymətləndirmələrdən sonra verilib.
Hayaşinin sözlərinə görə, Yaponiya bu qərarı, illərdir davam edən münaqişə səbəbilə ciddi şəkildə əziyyət çəkən Suriya xalqının yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə vermək və regionda müsbət təşəbbüsləri dəstəkləmək məqsədilə qəbul edib.
Kabinə baş katibi əlavə edib ki, Yaponiya Suriyada sülh və sabitliyin təmin olunması üçün G7 ölkələri və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək və beynəlxalq ictimaiyyətlə həmrəy şəkildə fəaliyyət göstərəcək.
Qərarın ilk mərhələsində ən azı dörd bank sanksiya tətbiq olunan qurumlar siyahısından çıxarılacaq. Bu bankların dondurulmuş maliyyə aktivləri azad ediləcək.
Mədinə Cəlilova
23:00 30.05.2025
Oxunuş sayı: 809