HƏMAS: “İsrailin atəşkəs təklifi təşkilatın tələblərini qarşılamır”

Qəzza zolağında atəşkəs və əsir mübadiləsi istiqamətində aparılan danışıqlar çərçivəsində HƏMAS hərəkatı İsrailin ABŞ vasitəçiliyi ilə təqdim etdiyi atəşkəs təklifinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, təşkilatın yüksək vəzifəli nümayəndələrindən Besim Naim 30 may tarixində Reuters agentliyinə verdiyi açıqlamada qeyd edib ki, İsrailin ABŞ Prezidenti Donald Trampın Orta Şərq üzrə nümayəndəsi Stiv Vitkoffun təklifinə verdiyi cavab HƏMAS-ın ixtiyarına verilib və cavabın təfərrüatlı şəkildə təhlili davam etdirilir.
Besim Naim bildirib ki, İsrailin təqdim etdiyi cavab HƏMAS-ın və Fələstin xalqının legitim və ədalətli tələblərini qarşılamır. O, sözügedən cavabın əsasən işğalın möhkəmləndirilməsinə yönəldiyini vurğulayıb. Naimin sözlərinə görə, buna baxmayaraq, təşkilat rəhbərliyi mövcud təklifi dəyərləndirməyə davam edir.
Mövzu ilə bağlı ABŞ tərəfindən verilən açıqlamada İsrailin atəşkəs təklifini qəbul etdiyi bildirilib. Qeyd olunub ki, HƏMAS hələlik təklifə rəsmi cavab verməyib və vasitəçilər vasitəsilə danışıqlar davam etdirilir. HƏMAS-ın yazılı bəyanatında təqdim olunan təklifin təşkilatın müvafiq qurumları tərəfindən məsuliyyət çərçivəsində araşdırıldığı və cavabın Qəzzada yaşayan fələstinli əhalinin maraqlarını qorumağa, humanitar yardımların çatdırılmasını təmin etməyə və daimi atəşkəsə töhfə verməyə yönələcəyinə dair məlumat yer alıb. Təşkilat, həmçinin, bölgədə ədalətli və hərtərəfli həllə töhfə verəcək bütün konstruktiv təşəbbüslərə açıq olduğunu bildirib.
Digər tərəfdən, 30 may tarixində İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər fələstinli həlak olub. Yerli səhiyyə mənbələrinin məlumatına əsasən, Qəzza zolağının şimalındakı Cibaliya en-Nezlə bölgəsində bir yaşayış evinə endirilən zərbə nəticəsində yeddi nəfər ölüb, bir neçə nəfər yaralanıb. Eyni bölgədə fələstinlilərin toplandığı digər iki nöqtəyə edilən hücum nəticəsində beş nəfər həyatını itirib.
Qəzzanın cənubundakı Xan Yunusun Əl-Mevasi bölgəsində məcburi köçkünlərin yaşadığı iki çadırın hədəfə alınması nəticəsində üç nəfər həlak olub. Abasan əl-Kebira bölgəsində isə mülki avtomobilin bombalanması nəticəsində iki nəfər ölüb, yaralananlar var. Rəfah şəhərində humanitar yardım növbəsində olan bir vətəndaş İsrail ordusunun açdığı atəş nəticəsində həyatını itirib. Bununla yanaşı, Tuffah məhəlləsi və Karara bölgəsində çoxsaylı yaşayış binalarının dağıdıldığı bildirilib. Netzarim dəhlizi yaxınlığında yerləşən yardım məntəqəsində də atəş nəticəsində bir neçə nəfər yaralanıb.
HƏMAS Siyasi Bürosu tərəfindən verilən son açıqlamada bildirilib ki, atəşkəs təklifinə təşkilat tərəfindən milli məsuliyyət çərçivəsində rəsmi cavab veriləcək və hazırda qiymətləndirmə prosesi davam edir.
Mədinə Cəlilova
22:30 30.05.2025
Oxunuş sayı: 1193